AZƏRBAYCAN-RUSİYA DÖVLƏTLƏRARASI MÜNASİBƏTLƏRİ UĞURLA İNKİŞAF EDİR
K.Markelov nəzərə çarpdırmışdır ki, Rusiya Azərbaycanla hərtərəfli əməkdaşlığa hazır olduğunu çoxdan bəyan etmişdir. Azərbaycan və Rusiya prezidentlərinin son görüşləri göstərdi ki, dövlətlərimiz arasında heç bir problem yoxdur, əksinə, hərtərəfli əlaqələrin möhkəmləndirilməsi və dərinləşdirilməsindən ötrü geniş imkanlar mövcuddur və bu qarşılıqlı münasibətlərin daha yüksək səviyyəyə qalxması üçün yaxşı baza var. O, Rusiya və Azərbaycanın iqtisadi sahədə ciddi tərəfdaş ola biləcəyini vurğulayaraq demişdir ki, ölkələrimiz arasında ticarət-iqtisadi sahədə qarşılıqlı fəaliyyət potensialının xeyli yüksək olmasına baxmayaraq, əmtəə dövriyyəsinin səviyyəsi qənatbəxş deyildir. Belə ki, əmtəə dövriyyəsini iki dəfə deyil, üç, hətta dörd dəfə də artırmaq olar. Konstantin Markelov demişdir: “Hazırda həm dövlətlərimizin, həm də parlamentlərimizin bunun üçün siyasi əzmi var və iqtisadi vəzifələri həyata keçirmək məqsədi ilə möhkəm mexanizm və hüquqi baza yaradılmalıdır”.