Azərbaycan səfiri “24 Chasa” qəzetinə müsahibəsində Qarabağ həqiqətlərindən danışıb
Sofiya, 7 aprel, AZƏRTAC
Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanovanın bu ölkənin “24 Chasa” qəzetində müsahibəsi dərc olunub. Səfir aprelin 2-də cəbhəyanı ərazilərdə sıx məskunlaşan mülki əhali hədəfə alınaraq, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ordusunun qoşunların təmas xətti boyunca mövqelərinin ağır silahlardan intensiv atəşə məruz qalması barədə məlumat verib. Diplomat bildirib ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsi daxil olmaqla, ərazilərinin Ermənistan tərəfindən hərbi işğalının davam etməsi və Ermənistanın həmin ərazilərdə qeyri-qanuni hərbi mövcudluğu yaranmış gərginliyin başlıca səbəbidir. Məhz bu amil sülhün bərqərar olunması və münaqişənin siyasi yolla həll edilməsinə başlıca maneədir. Qoşunların təmas xəttində gərginliyin yaradılmasına görə Ermənistanın tam məsuliyyət daşıdığını vurğulayan səfir münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə istinad edərək sözügedən qətnamələrin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyini vurğulayıb.
Nərgiz Qurbanova Avropa İnsan Hüquqları Məhkəməsinin 2015-ci il 16 iyun tarixli “Çiraqov və digərləri Ermənistana qarşı” məhkəmə işi ilə bağlı qərarına diqqət yönəldərək Məhkəmənin Ermənistanın hərbi müdaxiləsi vasitəsilə Dağlıq Qarabağ münaqişəsində əvvəlcədən əhəmiyyətli dərəcədə iştirak etdiyini, bu hərbi dəstəyin sözügedən ərazilərin zəbt edilməsi və onların üzərində davamlı nəzarətin həyata keçirilməsində həlledici olaraq qalmaqda davam etdiyini, işğal olunmuş ərazilərdən didərgin düşmüş məcburi köçkünlərin bir sıra hüquqlarının Ermənistan tərəfindən pozulmasını birmənalı şəkildə təsdiq etdiyini vurğulayıb. N.Qurbanova qoşunların təmas xəttində Ermənistan tərəfindən törədilən son təxribatların bir daha Ermənistanın münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını nümayiş etdirdiyini və Ermənistanın bu cəhdlərinin status-kvonun saxlanmasına yönəldiyini diqqətə çatdırıb.
Səfir 2014-cü ilin oktyabrında Fransa Prezidenti Fransua Ollandın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri arasında Parisdə baş tutmuş danışıqlardan dərhal sonra Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində genişmiqyaslı hərbi təlimlər keçirdiyini xatırladıb. Münaqişənin həll olunması ilə bağlı Azərbaycanın mövqeyinin BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələrinə və beynəlxalq hüququn fundamental norma və prinsiplərinə əsaslandığını vurğulayan səfir davamlı sülhə nail olmaq üçün yeganə yolun Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və işğal edilmiş digər ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması və azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaq hüquqlarının bərpa edilməsi olduğunu vurğulayıb. N.Qurbanova münaqişənin yalnız Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi əsasında həll oluna biləcəyini bir daha diqqətə çatdırıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya