AZƏRBAYCAN SƏFİRİ ALMANİYANIN KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNƏ MİLLİ MƏCLİSƏ SEÇKİLƏR BARƏDƏ AÇIQLAMA VERMİŞDİR
Açıqlamanın mətni Almaniyanın aparıcı qəzet və jurnal redaksiyalarına, eləcə də televiziya kanallarına göndərilmişdir. Onların arasında “Der Spieqel”, “Stern”, “Focus” jurnalları, “Frankfurter Allgemeine Zeitung”, “Süddeutsche Zeitung”, “Frankfurter Rundschau”, ”Tagesallgemeine Zeitung”, “Die Welt”, “Handelsblatt”, “Berliner Zeitung”, “Handelsblatt”, “BerlinerZeitung”, “Tagesspiegel” qəzetləri, “Royters” agentliyinin almandilli redaksiyası, həmçinin “ARD”, “ZDF” ictimai-siyasi və “RTL”, “VOX” özəl televiziya kanalları vardır.
Azərbaycan səfirinin mətbuat açıqlamasının mətni, həmçinin Federal Kansler Aparatına, Prezidentə, Federal Xarici İşlər Nazirliyinə, Bundestaqın rəhbərliyinə, parlamentin Qafqaz qrupuna, eləcə də Almaniyada akkreditə olunmuş 150-dən artıq diplomatik nümayəndəliyə də göndərilmişdir.
Mətbuat açıqlamasında Azərbaycanda parlament seçkilərinə hazırlıq, onun gedişi və seçkilərdən sonrakı vəziyyətlə bağlı faktlar öz əksini tapmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il 11 may və 25 oktyabr tarixli Sərəncamları, seçkilər zamanı qeydə alınan qanun pozuntularının aradan qaldırılması istiqamətində atılan addımlar xüsusi qeyd edilmiş, beynəlxalq müşahidəçilərin və nüfuzlu təşkilatların seçkilər barədə rəyləri Almaniya ictimaiyyətinin diqqətinə çatdırılmışdır.