AZƏRBAYCAN SƏFİRİ BUNDESTAQDA ALMANİYA-QAFQAZ PARLAMENT QRUPUNUN ÜZVLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
İyunun 29-da Azərbaycan Respublikasının Almaniyadakı səfiri Pərviz Şahbazov qrupun yeni sədri Şteffen Rayxenin dəvəti ilə Bundestaqda qrupun üzvləri ilə görüşmüşdür. Səfir Almaniya-Azərbaycan münasibətlərinin hazırkı durumu, Azərbaycanın siyasi-iqtisadi inkişafı, regionda gündən-günə artan nüfuzu, bölgədə ölkəmizin iştirakı ilə həyata keçirilən enerji layihələri, demokratik dövlət quruculuğu sahəsində görülən işlər, Ermənistanın Azərbaycana qarşı təcavüzü, münaqişənin həllinə dair danışıqlar prosesi, bu məsələdə Azərbaycanın mövqeyi və regional vəziyyət barədə ətraflı məlumat vermişdir.
Azərbaycan ilə Almaniya arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etdirildiyini vurğulayan görüş iştirakçıları bu əlaqələrin gələcəkdə daha da möhkəmlənməsinə əmin olduqlarını bildirmişlər.
Səmimilik şəraitində keçən söhbətdə səfir parlament üzvlərinin suallarına ətraflı cavab vermiş, bir çox məsələlərə Azərbaycan tərəfinin münasibətini açıqlamışdır.