SİYASƏT
Azərbaycan səfiri etimadnaməsini Koreya Respublikasının Prezidentinə təqdim edib
Seul, 8 avqust (AZƏRTAC). Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov etimadnaməsini bu ölkənin Prezidenti xanım Park Qın-hyeyə təqdim edib.
Təqdimetmə mərasimindən sonra keçirilən görüşdə səfir R.Teymurov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını xanım Park Qın-hyeyə çatdırıb. Koreya Respublikasının Prezidenti öz növbəsində onun salamlarının da Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.
Səfir Azərbaycanın Koreya Respublikası ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini, Asiya regionunda Koreyanın Azərbaycan üçün mühüm tərəfdaş olduğunu bildirib.
Koreya Respublikasının Prezidenti də ölkəsinin Azərbaycan ilə əlaqələrin genişlənməsinə böyük önəm verdiyini, Azərbaycanda həyata keçirilən layihələrdə Koreya şirkətlərinin fəal iştirak etdiyini vurğulayıb, qarşılıqlı əməkdaşlığın bundan sonra da davam etdirilməsində maraqlı olduqlarını bildirib.
Görüşdə, həmçinin iqtisadi və siyasi sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı bir sıra məsələlər müzakirə olunub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Seul