İDMAN
Azərbaycan taekvandoçuları komandalararası dünya çempionatını qələbə ilə başa vurublar
Bakı, 13 dekabr, Elşad Qəzvini, AZƏRTAC
“Sərhədçi” Olimpiya İdman Mərkəzində iki gün davam edən taekvando üzrə komandalararası dünya çempionatına dekabrın 13-də yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın taekvando üzrə kişilərdən ibarət yığma komandası dünya çempionatını qələbə ilə başa vurub.
Milli komandamız yarımfinalda Türkiyə idmançılarına 33:3 hesabı ilə qalib gəlib. Millimiz həlledici qarşılaşmada – finalda taekvandonun vətəni sayılan Koreya Respublikasının yığma komandasını böyük xal fərqi - 21:5 hesabı ilə məğlub edib. Nəticədə baş məşqçi Reza Mehmandostun yetirmələri dünya çempionu titulunu qoruyublar. Milli komandamız 2015-ci ildə Meksikada keçirilən mundialda dünya çempionu adını qazanılıb. Bürünc medallara isə Türkiyə və Belçika komandaları sahib olublar.
Qadın komandalar arasında yarımfinal görüşlərində Çin Türkiyəni (9:6), Koreya Respublikası isə Rusiyanı (17:10) məğlub edib. Finalda cənubi koreyalıları 6:4 hesabı ilə məğlub edən çinlilər dünya çempionu adına layiq görülüblər. Türkiyə və Rusiya taekvandoçuları bürünc medallarla kifayətləniblər.
Qarışıq komandaların yarışında isə Koreya Respublikasının idmançıları qalib gəliblər. Cənubi koreyalılar finalda Rusiyanı məğlub ediblər. Belçika və ABŞ milliləri çempionatı bürünc medallarla başa vurublar.
Sonda qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Kişilərdən ibarət yığma komandaların üzvlərinə medalları Azərbaycan Taekvando Federasiyasının vitse-prezidenti Nağı Səfərov təqdim edib.
Qadın idmançılara isə mükafatları Beynəlxalq Taekvando Federasiyasının (WTF) rəhbəri Çunqvon Ço, qarışıq komandalara isə WTF-in idarə heyətinin üzvü Mətin Şahin təqdim ediblər.
Sonra medallara layiq görülən digər komandaların üzvləri də təltif ediliblər.
Azərbaycan millisinin üzvü Milad Beigi Harçeqani dünya çempionatının “Ən yaxşı kişi idmançısı” adına layiq görülüb.