Azərbaycan tarixi yeni nəsil tarixçilərin gözü ilə
Bakı, 12 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” şirkətinin təşkilati dəstəyi ilə IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində noyabrın 12-də “Azərbaycan tarixi yeni nəsil tarixçilərin gözü ilə” mövzusunda panel diskussiya təşkil olunub.
AZƏRTAC xəbər verir ki, gənc tarixçilərdən Əkbər Nəcəf, Məhəmməd Verdiyev, Nigar Gözəlova və Rizvan Hüseynovun iştirak etdiyi paneldə simpozium iştirakçıları Azərbaycanın qədim tarixinə səyahət edib, “Tarix necə olmalıdır?” sualı ətrafında öz fikirlərini bölüşüblər.
Bildirilib ki, tarixin müəyyənləşdirilməsi bir fərdin mənsub olduğu millətin, yaşadığı Vətən torpağının keçmişini öyrənmə, haradan gəlib haraya getmə istəyini ortaya qoyur. Tarixi biliyin mükəmməl şəkildə formalaşması xalqın və onun mənsub olduğu dövlətin güclü olmasına kömək edən amillərdən biridir.
Tədbir iştirakçıları hər bir mühazirəni maraqla qarşılayıb, qonaqlara çoxsaylı suallar ünvanlayıblar.