Azərbaycan “Termal Şəhərlər” beynəlxalq mədəni turizm marşrutuna qoşulur
Bakı, 21 oktyabr, AZƏRTAC
Türkiyənin Bursa şəhərində Avropanın Tarixi Termal Şəhərlər Assosiasiyası tərəfindən seminar keçirilib. Birliyə 13 ölkə, 36 şəhər daxildir və iclas hər il bir üzv ölkədə keçirilir.
Tədbirdə ölkəmizi təmsil edən Mədəniyyət və Turizm Nazirliyinin aparıcı məsləhətçisi Günel Aslanova Azərbaycan Termal Şəhərlər layihəsinin təqdimatını keçirib.
Qeyd edək ki, Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının “Termal Şəhərlər” beynəlxalq mədəni turizm marşrutuna Mədəniyyət və Turizm Nazirliyinin qoşulması ilə bağlı layihə həyata keçirilir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iclasda layihənin birliyə qoşulması istiqamətində danışıqlar aparılıb.
Qeyd edək ki, Azərbaycanda “Termal şəhər” layihəsinə baxış keçirmək üçün assosiasiyanın eksperti Mişel Tomas Pinet və Bursa Valisinin köməkçisi Ahmet Hikmet Şahindən ibarət nümayəndə heyəti cari ilin ölkəmizdə səfərdə olub. Səfər çərçivəsində ekspertlər Masallı, Qəbələ və Siyəzən rayonlarının termal suları və turizm infrastrukturuna baxış keçirib. Eyni zamanda xarici qonaqlar Bakı və Abşeron yarımadasının tarix və mədəniyyət abidələri, turizm nümayişi obyektləri ilə tanış olublar.