REGİONLAR
Azərbaycan Texnologiya Universitetində elmi-praktik konfrans keçirilib
Gəncə, 16 iyun, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Texnologiya Universiteti (ATU), Lənkəran Dövlət Universiteti (LDU) və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə “Heydər Əliyevin xilaskar qayıdışı” mövzusunda elmi-praktik konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə açıq elan olunub.
Çıxış edən Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsini icra edən Yaşar Ömərov deyib ki, konfransın “Heydər Əliyev İli”ndə, Milli Qurtuluş Günü ərəfəsində keçirilməsində məqsəd Azərbaycanın bugünkü hərtərəfli və dinamik inkişaf yolunda irəliləməsinin məhz Ulu Öndər Heydər Əliyevin strategiyasının təntənəsi olduğuna diqqət çəkməkdir. Y.Ömərov çıxışında tarixin xronologiyasına nəzər salıb, konfransın işinə uğurlar arzulayıb.
Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov çıxış edərək Ulu Öndərin xalqın taleyində, dövlət quruculuğunda misilsiz xidmətlərindən danışıb, Ümummilli Liderin təhsil strategiyasından, bu çərçivədə 3 universitet arasında əməkdaşlığın perspektivindən söz açıblar.
Daha sonra Azərbaycan Texnologiya Universitetinin elm və innovasiyalar üzrə prorektoru vəzifəsini icra edən Mayıs Gülalıyevin moderatorluğu ilə konfransın məruzələri dinlənilib.
Qeyd edək ki, tədbir hibrid qaydada təşkil olunub, hər üç universitetin tədqiqatçıları konfransı Gəncə, Lənkəran, Mingəçevir və respublikanın digər şəhərlərindən izləyə biliblər.