Azərbaycan Tibb Universitetində 20 Yanvar şəhidlərinin xatirəsi yad edildi
Bakı, 18 yanvar, AZƏRTAC
Yanvarın 18-də Azərbaycan Tibb Universitetində (ATU) 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş toplantı keçirilib.
ATU-dan AZƏRTAC-a bildiriblər ki, toplantıdan öncə universitetin rəhbərliyi, müəllim və tələbə heyəti tərəfindən ATU-nun şəhid olmuş tələbələrinin şərəfinə ucaldılmış büstün önünə gül dəstələri qoyuldu.
Tədbirdə açılış nitqi ilə çıxış edən ATU-nun rektoru vəzifəsini icra edən professor Sabir Əliyev qeyd edib ki, Azərbaycan xalqı öz müstəqilliyini asan yolla qazanmayıb, bu yol xalqımıza çətinliklər və faciələr hesabına başa gəlib.
Sonra ATU-nun travmatologiya və ortopediya kafedrasının müdiri, professor Əhməd Əhmədzadə, I cərrahi xəstəliklər kafedrasının dosenti Eldar Əliyev çıxış edərək qanlı Yanvar olaylarının şahidləri kimi həmin gecə yaşanan dəhşətlərdən söz açdılar. Onlar 20 Yanvarın azərbaycanlılar üçün həm xilas, həm də eyni zamanda matəm günü olduğunu bildiriblər.
ATU-nun müalicə profilaktika fakültəsinin II kurs tələbəsi Nicat Rzayev isə atasının 20 Yanvar əlili olduğunu qeyd edərək, hazırda dövlət tərəfindən şəhid və əlil ailələrinə göstərilən diqqətə görə ölkə başçısına təşəkkürünü bildirdi.