Azərbaycan Tibb Universitetinin klinikalarında koronavirusa yoluxmuş xəstə yoxdur
Bakı, 14 mart, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında koronavirusa yoluxmuş xəstə yoxdur.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bunu Terapevtik Klinikanın direktoru Samir Allahverdiyev sosial şəbəkələrdə yayılan xəbərlərə münasibət bildirərkən deyib.
“Koronavirusla əlaqədar sosial şəbəkələrdə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının adı əsasız şəkildə hallandırılaraq guya klinikada koronavirus şübhəsi olan xəstənin müalicə aldığı barədə məlumat yayılıb. Klinikamızda nəinki koronavirus şübhəsi olan xəstə, heç hərarəti olan xəstə belə yoxdur. Əgər bizə yüksək hərarətli xəstə müraciət edərsə, biz onu qəbul etmir, 1 saylı Şəhər Klinik Xəstəxanasına yönləndiririk. Bizdə nə infeksiya şöbəsi fəaliyyət göstərir, nə də infeksionist həkimimiz var. Belə bir şəraitimiz olmadığından, koronavirus şübhəli xəstələri klinikamıza qəbul etmək imkanımız yoxdur”, - deyə S.Allahverdiyev qeyd edib.
Klinikanın direktoru sosial şəbəkə istifadəçilərini heç bir əsas olmadan yalan informasiyalar yaymamağa, əhalini bu cür dezinformasiyalara inanmamağa çağırıb.
Qeyd edək ki, sosial şəbəkələrdə, həmçinin universitetin digər klinikasında - Tədris Cərrahiyyə Klinikasında da koronaviruslu xəstənin olması və klinikanın Kardiologiya və Urologiya şöbələrinin bağlanması ilə bağlı məlumat yayılıb.
Universitetin mətbuat xidməti bununla bağlı açıqlama verərək bildirib ki, Tədris Cərrahiyyə Klinikasına müraciət edən pasiyentlərdən biri yaxın zamanlarda xarici ölkələrdən birinə səyahət etdiyi üçün şübhəli bilinərək Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna göndərilib. Hər ehtimala qarşı həmin xəstə ilə təmasda olan bütün tibbi personal müayinədən keçirilib. Həmin şəxsin müraciət etdiyi Kardiologiya və Urologiya şöbələrinin olduğu mərtəbə bağlanılıb, orada bir daha dezinfeksiya işləri aparılıb və şöbələr başqa mərtəbələrə köçürülüb. Hazırda klinika öz fəaliyyətini hər zamankı qrafiklə davam etdirir.