AZƏRBAYCAN-TÜRKİYƏ HÖKUMƏTLƏRARASI MÜŞTƏRƏK İQTİSADİ KOMİSSİYANIN NÖVBƏTİ İCLASI BAKIDA KEÇİRİLMİŞDİR
Əvvəlcə komissiyanın həmsədləri - Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və Türkiyə Respublikasının Dövlət naziri Mehmet Aydın arasında təkbətək görüş olmuşdur.
Sonra iclas geniş tərkibdə davam etmişdir. Baş nazirin müavini Abid Şərifov komissiyanın son iki ildəki fəaliyyətindən danışmış, əldə olunan nailiyyətləri yüksək qiymətləndirmişdir. Qeyd edilmişdir ki, 2005-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 588,8 milyon dollara çatmışdır. Cari ilin 6 ayı ərzində bu rəqəm 329,9 milyon dollar təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,9 faiz çoxdur. Dövlətlərimizin başçılarının qarşıya qoyduqları məqsədə çatmaq üçün daha ciddi səy göstərərək yaxın vaxtlarda bu rəqəm 1 milyard dollara çatdıracaqdır. Bunun üçün yaxşı imkanlar vardır.
Baş nazirin müavini sonra toplantı iştirakçılarını Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəmərinin istifadəyə verilməsi münasibətilə bir daha təbrik etmiş, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin də yaxın vaxtlarda işə düşəcəyini bildirmişdir. O demişdir ki, dünyada enerji probleminin yaşandığı bir vaxtda bu cür iri layihələrin reallaşması dövlətlərimizin mövqelərinin möhkəmləndirilməsində, sosial-iqtisadi inkişafımızda və bölgədə sülhün bərqərar olmasında mühüm rol oynayacaqdır. Bundan başqa Bakı-Axalkalaki-Qars dəmir yolu və digər irimiqyaslı layihələrimiz vardır və onların reallaşması bizim üçün daha geniş imkanlar açacaqdır.
Daha sonra Baş nazirin müavini türk iş adamlarının ölkəmizdəki fəaliyyətindən danışmış, onların Azərbaycan iqtisadiyyatına 1,5 milyard dollardan çox sərmayə qoyduqlarını bildirmiş, Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) kənd təsərrüfatı sektorunda gördüyü işləri, təhsil, enerji sahələrində əməkdaşlığımızı yüksək qiymətləndirmişdir.
Naxçıvan Muxtar Respublikasının enerji ilə təminatına göstərdiyi yardıma görə Türkiyə tərəfinə minnətdarlıq edən A.Şərifov, muxtar respublikanın inkişafı ilə bağlı proqrama yenidən baxılmasının və bölgəyə sərmayə qoyuluşunun artırılmasının zəruriliyini vurğulamışdır.
Türkiyənin Dövlət naziri Mehmet Aydın Azərbaycanda olmasından məmnunluğunu ifadə etmiş, ölkələrimiz arasında əlaqələrin inkişafını, görülən işləri yüksək qiymətləndirmişdir. Dövlət naziri demişdir ki, BTC-nin işə düşməsi, Bakı–Tbilisi–Ərzurum kəmərinin inşasının tezliklə başa çatacağı bir daha göstərir ki, Azərbaycanın çox böyük gələcəyi vardır. Biz bu və ya digər sahələrdə birgə fəaliyyətimizlə daha böyük uğurlara nail ola bilərik. Bunun üçün hər cür şərait vardır. Dövlətlərimizin başçıları siyasi iradə nümayiş etdirərək qarşıya konkret məqsədlər qoymuşlar. Bölgədə münaqişələrin, problemlərin mövcudluğuna baxmayaraq, Türkiyə və Azərbaycanda dayanıqlı siyasi sabitlik vardır. Bu, çox mühüm amildir və biz bundan istifadə edib məqsədlərimizə çatmalıyıq. Ümid edirik ki, iqtisadi əlaqələrimiz inkişaf edəcək və biz 1 milyard dollarlıq ticarət dövriyyəsinə nail olacağıq. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlətlərimiz arasında 500-dək sənəd imzalanmışdır. Amma bunların heç də hamısı icra olunmur. Yığışmağımızın əsas səbəbi də bəzi sənədləri diqqətlə araşdırmaq və icra mexanizmlərini tapmaqdır. Sonra iclas mətbuatın iştirakı olmadan işini davam etdirmişdir.
Bölmə iclaslarından əvvəl Abid Şərifov jirnalistlərə bildirmişdir ki, mətbuat üçün qapalı olan hissədə Türkiyədən Naxçıvana verilən elektrik enerjisinin haqqının ödənilməsinə, iqtisadi-ticarət dövriyyəsinin genişləndirilməsinə və nəqliyyat sahəsinə dair bir sıra məsələlər müzakirə olunmuşdur. Azərbaycan Türkiyəyə olan enerji borcunun gələcəkdə enerji ilə qaytarılmasını təklif etmişdir. Türkiyə tərəfi isə Azərbaycandan vergi ödəmədən keçən yük maşınlarının sayının artırılması və türk neft şirkətlərinin fəaliyyətinin genişləndirilməsi barədə məsələ qaldırmışdır.
Müştərək komissiyanın iclası bölmələrdə işini davam etdirmişdir.
İclas iyulun 28-də başa çatacaqdır.