Azərbaycan–Türkiyə strateji müttəfiqliyi Orta Dəhlizin inkişafında həlledici amildir – ŞƏRH
Bakı, 20 fevral, AZƏRTAC
Azərbaycanın Cənubi Qafqazda nəqliyyat imkanlarını sistemli şəkildə genişləndirməsi regionun geoiqtisadi xəritəsini dəyişir və yeni əməkdaşlıq mərhələsinin əsasını qoyur.
Bu fikirləri AZƏRTAC-a açıqlaması zamanı türkiyəli siyasi ekspert Cafer Dal bildirib.
Onun sözlərinə görə, Azərbaycan son illərdə həyata keçirdiyi infrastruktur layihələri ilə Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində etibarlı tranzit mərkəzinə çevrilib. Xüsusilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu xətti regionun logistika imkanlarını keyfiyyətcə yeni mərhələyə daşıyıb.
“Ələt limanı Xəzər hövzəsində multimodal daşımaların əsas qovşağına çevrilib. Bu, Orta Dəhliz üzrə yüklərin daha sürətli və təhlükəsiz daşınmasını təmin edir. Bakı-Tbilisi-Qars xətti isə Asiya ilə Avropa arasında alternativ və sabit marşrut kimi strateji əhəmiyyət qazanıb. Orta Dəhlizin güclənməsi təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün yeni iqtisadi imkanlar yaradır. Türkiyə bu prosesdə həm coğrafi, həm də siyasi baxımdan əsas tərəfdaşdır. Türkiyə Avropaya açılan əsas qapıdır. Azərbaycanın təşəbbüsləri Türkiyənin inkişaf etmiş liman infrastrukturu və dəmir yolu şəbəkəsi ilə birləşərək Avrasiya məkanında alternativ və rəqabətqabiliyyətli nəqliyyat xətti formalaşdırır. Bu, qlobal təchizat zəncirlərində yaranan dəyişikliklər fonunda xüsusilə aktuallaşıb”, – deyə ekspert bildirib.
Cafer Dalın sözlərinə görə, Azərbaycan ilə Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi strateji tərəfdaşlığı daha da möhkəmləndirib, nəqliyyat, logistika və infrastruktur sahələrində əməkdaşlığı institusional çərçivəyə salıb: “Şuşa Bəyannaməsi iki qardaş ölkənin münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldib. Bu sənəd regionda uzunmüddətli sabitlik və iqtisadi inteqrasiya üçün mühüm zəmin yaradır. Nəqliyyat əlaqələrinin genişlənməsi isə sülh gündəliyinə real iqtisadi məzmun verir. Azərbaycanın nəqliyyat imkanlarının genişləndirilməsi qeyri-neft sektorunun inkişafına, sənaye zonalarının və logistika mərkəzlərinin formalaşmasına, eləcə də xarici investisiyaların artmasına təkan verir. Türkiyə ilə koordinasiyalı fəaliyyət isə bu layihələrin dayanıqlığını təmin edir və beynəlxalq tərəfdaşların etimadını gücləndirir. Azərbaycan–Türkiyə tandemi Cənubi Qafqazı qlobal logistika sistemində mühüm halqaya çevirir. Bu əməkdaşlıq modeli yalnız iki ölkənin deyil, bütövlükdə Avrasiya məkanının iqtisadi sabitliyinə və inteqrasiyasına xidmət edir”.