Azərbaycan-Türkmənistan münasibətlərinin mövcud səviyyəsi yüksək qiymətləndirilib
Bakı, 29 yanvar, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Aşqabadda türkmənistanlı həmkarı Raşid Meredov ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Türkmənistan arasındakı münasibətlərin mövcud səviyyəsi yüksək qiymətləndirilib.
Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsinin regional əməkdaşlığın inkişafı baxımından əhəmiyyəti vurğulanıb.
Söhbət zamanı siyasi, iqtisadi-ticarət, enerji, nəqliyyat, təhsil, mədəniyyət və idman sahələrində əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb. Bu il iyunun 12-28-də Bakıda keçiriləcək birinci Avropa Oyunları, Türkmənistanda keçiriləcək Aziada-2017 idman tədbirlərinin əhəmiyyəti qeyd olunub.
Görüşdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.