Azərbaycan-Türkmənistan müttəfiqliyi region üçün yeni imkanlar yaradır ŞƏRH
Bakı, 24 iyun, AZƏRTAC
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri və səfər çərçivəsində keçirilən yüksəksəviyyəli görüşlər iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Görüşlər zamanı aparılan geniş müzakirələr, imzalanan sənədlər və əldə olunan razılaşmalar Azərbaycan–Türkmənistan münasibətlərinin yalnız siyasi deyil, həm də iqtisadi və humanitar sahələrdə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu təsdiqləyir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib. Deputat qeyd edib ki, Azərbaycan və Türkmənistan arasında mövcud olan münasibətlər dərin tarixi köklərə, ortaq mədəni irsə və xalqlar arasında formalaşmış qardaşlıq bağlarına əsaslanır. Onun sözlərinə görə, bu amillər iki ölkə arasında əməkdaşlığın sabit və uzunmüddətli inkişafını təmin edən əsas faktorlardandır.
Arzu Nağıyev əlavə edib ki, dövlət başçılarının qarşılıqlı səfərləri və yüksəksəviyyəli görüşlər siyasi dialoqun davamlılığını təmin edir və ikitərəfli münasibətlərin bütün istiqamətlər üzrə genişlənməsinə şərait yaradır. Bu görüşlər həm də qarşılıqlı etimad mühitinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Komitə sədri vurğulayıb ki, Azərbaycan–Türkmənistan münasibətlərində Xəzər dənizi amili strateji rol oynayır. Xəzərin hüquqi statusu, enerji ehtiyatlarının səmərəli istifadəsi, dəniz nəqliyyatı və logistika imkanlarının genişləndirilməsi iki ölkənin ortaq maraqlarını təmin edən əsas istiqamətlərdəndir. Bu sahədə əməkdaşlıq regional inteqrasiyanın dərinləşməsinə də mühüm töhfə verir.
Onun sözlərinə görə, nəqliyyat və tranzit sahəsində əməkdaşlıq xüsusi önəm daşıyır. Orta Dəhliz və Şərq–Qərb nəqliyyat marşrutları çərçivəsində həyata keçirilən birgə təşəbbüslər Azərbaycan və Türkmənistanı beynəlxalq logistika xəritəsində mühüm tranzit mərkəzlərinə çevirir. Bu isə region ölkələrinin iqtisadi əlaqələrinin genişlənməsinə və ticarət dövriyyəsinin artmasına xidmət edir: “Enerji sektoru ikitərəfli münasibətlərin əsas dayaqlarından biridir. Xəzər hövzəsinin zəngin karbohidrogen ehtiyatlarının səmərəli şəkildə dünya bazarlarına çıxarılması, alternativ nəqliyyat marşrutlarının formalaşdırılması və enerji təhlükəsizliyinin təmin olunması strateji əməkdaşlığın əsas prioritetlərindəndir. İqtisadi əməkdaşlıqla yanaşı, humanitar əlaqələrin genişləndirilməsi də mühüm əhəmiyyət kəsb edir. Təhsil, elm, mədəniyyət və gənclər siyasəti sahələrində həyata keçirilən layihələr iki xalq arasında dostluq və qarşılıqlı anlaşmanın daha da möhkəmlənməsinə xidmət edir”.
O qeyd edib ki, təhlükəsizlik və regional sabitlik məsələlərində Azərbaycan və Türkmənistanın mövqeləri bir çox hallarda üst-üstə düşür. Bu isə regionda sülhün qorunması, risklərin qarşısının alınması və dayanıqlı inkişafın təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Arzu Nağıyev diqqətə çatdırıb ki, son illərdə qarşılıqlı səfərlərin intensiv xarakter alması və müxtəlif sahələr üzrə imzalanan sənədlərin artması ikitərəfli münasibətlərin real nəticələr üzərində inkişaf etdiyini göstərir. Onun sözlərinə görə, bu dinamika siyasi bəyanatlardan daha çox praktiki əməkdaşlıq və konkret layihələr müstəvisində özünü göstərir.
“Azərbaycan və Türkmənistan arasında formalaşan strateji müttəfiqlik təkcə iki ölkə üçün deyil, bütövlükdə region üçün yeni əməkdaşlıq imkanları yaradır. Bu münasibətlər Cənubi Qafqaz və Mərkəzi Asiya arasında körpü rolunu gücləndirir, iqtisadi inteqrasiyanı dərinləşdirir və uzunmüddətli sabitlik üçün möhkəm zəmin formalaşdırır”,- deyə o vurğulayıb.