Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Bakı, 23 mart, AZƏRTAC
Azərbaycan üzgüçüsü Ramil Vəlizadə “Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Azərbaycanın Üzgüçülük Federasiyasından AZƏRTAC-a bildiriblər ki, milli komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanov martın 19-dan 21-dək İstanbulda keçirilən və 7 ölkənin qatıldığı Olimpiadaya lisenziya xarakterli beynəlxalq yarışda Azərbaycan millisinin 8 idmançı ilə iştirak etdiyini deyib. Qeyd edilib ki, yarışın birinci günündə millimizin üzgüçüsü Ramil Vəlizadə 200 metr batterflay üsulunda 1 dəqiqə 59 saniyə nəticə ilə beynəlxalq turnirin mütləq qalibi olub. Bununla da idmançımız “Tokio-2020” Yay Olimpiya Oyunlarına B lisenziyası qazanıb. Digər idmançımız Məryəm Şeyxalızadəhanqah 100 metr batterflay üsulunda A finalına vəsiqə qazanaraq finalda gümüş, 50 metr batterflay üsulunda isə A finalına vəsiqə qazanaraq finalda bürünc medallara layiq görülüb.
Baş məşqçi əlavə edib ki, üzgüçülük komandamızın ən gənc idmançılarından olan Əbdürrəhman Rüstəmov isə bu yarışda 200 metr batterflay üsulunda (2 dəqiqə 9 saniyə) öz nəticəsini yaxşılaşdıraraq idman ustası normativini doldurub, digər idmançılarımız isə şəxsi nəticələrini yaxşılaşdırmaqla Vətənə qayıdıblar.
Rəşad Əbdürrəhmanov deyib: “Türkiyədə keçirilən bu turnirdə Ramil Vəlizadə, Məryəm Şeyxalızadəhanqah və millimizin digər üzvlərinin yüksək nəticə göstərmələri bu il Türkiyədə keçiriləcək İslam Həmrəyliyi Oyunlarında komandamızın medallar qazanacağına böyük ümidlər yaradır. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, həmçinin federasiyamızın dəstəyi, məşqçilərimizin səyi nəticəsində son bir ayda millimiz nəticə etibarilə dörd idman ustası dərəcəsi və “Tokio-2020” Yay Olimpiya Oyunlarına B lisenziyası qazanıb. Bu da öz növbəsində Azərbaycanda üzgüçülük idmanının tarixində yeni rekorddur”.