AZƏRBAYCAN VƏ GÜRCÜSTAN BAŞ NAZİRLƏRİNİN GÖRÜŞÜ
Əvvəl hökumət başçılarının təkbətək görüşü oldu.
Sonra geniş tərkibdə görüş keçirildi. Azərbaycanın Baş naziri bildirdi ki, dost və qardaş ölkənin nümayəndə heyətinin respublikamıza səfəri strateji tərəfdaşlıq səviyyəsində olan ikitərəfli əlaqələrin genişlənməsinə və inkişafına təkan verəcəkdir. Gürcüstanın iqtisadi və siyasi sahələrdə uğurları Azərbaycanda həmişə sevinc hissi doğurur.
A.Rasizadə qonaqlara Azərbaycan iqtisadiyyatının uğurları, yeni iş yerlərinin açılması, sosial proqramlar, regionda həyata keçirilən qlobal energetika layihələri barədə məlumat verdi.
Baş nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Gürcüstan rəhbərliyinə təşəkkürünü bildirdi və eyni zamanda, gürcü həmkarını əmin etdi ki, ölkəmiz separatizmdən ziyan çəkən Gürcüstanın ərazi bütövlüyünü həmişə tanımışdır.
Artur Rasizadə birgə layihələrin perspektivlərindən danışaraq dedi ki, Azərbaycan Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolunun tikitisi üzrə regional layihənin real müddətdə həyata keçirilməsi üçün səylərini əsirgəməyəcəkdir. Həmçinin bildirildi ki, Azərbaycan-Gürcüstan hökumətlərarası iqtisadi komissiyasının növbəti iclasının Tbilisidə keçirilməsi barədə razılaşma əldə olunmuşdur.
Zurab Noğaideli Gürcüstan-Azərbaycan əlaqələrinin yüksək potensialını vurğulayaraq dedi ki, Azərbaycan və Gürcüstanın iş adamlarının hər iki ölkənin iqtisadiyyatlarına qarşılıqlı surətdə sərmayə yatıracaqları vaxt uzaqda deyildir.
Gürcüstanın Baş naziri bildirdi ki, onun ölkəsi Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və dəstəkləyəcəkdir.
Görüşdən sonra Zurab Noğaideli Azərbaycan jurnalistlərinin suallarına cavab verərək dedi ki, hazırda Gürcüstan tərəfi Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolu layihəsinin imkanlarını ətraflı öyrənir, onun texniki-iqtisadi əsaslandırılması nəzərdən keçirilir və yaxın vaxtlarda bu istiqamətdə konkret addımlar atılacaqdır.