Azərbaycan və Gürcüstan veteran təşkilatları əməkdaşlıq haqqında müqavilə imzalayıblar
Bakı, 1 oktyabr, AZƏRTAC
Oktyabrın 1-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurası ilə Gürcüstan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Mərkəzi İttifaqı arasında müqavilə imzalanıb.
AZƏRTAC xəbər verir ki, imzalanma Gürcüstan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Mərkəzi İttifaqının sədri, polkovnik Revaz Natsaraşvilinin başçılığı ilə Gürcüstan nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində olub.
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev məlumat verib ki, qonaqlar üç gün ərzində rəhbərlik etdiyi təşkilatın fəaliyyəti ilə tanış olub, Bakının görməli yerlərini, habelə respublikamızın rayonlarını gəziblər. D.Rzayev qeyd edib ki, dövlətimiz Böyük Vətən müharibəsi veteranlarının xidmətlərini həmişə yüksək qiymətləndirib və bu gün də qiymətləndirir. Onlar daim Azərbaycan dövlətinin diqqət və qayğısı ilə əhatə olunublar. Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu ənənəni bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısı ölkəmizdə veteran hərəkatının güclənməsinə böyük diqqət ayırır. D.Rzayev bildirib ki, veteranlar ölkənin ictimai-siyasi həyatında, gənclərin vətənpərvərlik tərbiyəsində fəal iştirak edirlər.
R.Natsaraşvili Azərbaycanın paytaxtı haqqında təəssüratlarını bölüşüb, son 20 ildə Bakıda həyata keçirilən böyük dəyişiklikləri xüsusilə vurğulayıb. O qeyd edib ki, Azərbaycan dövlətinin rəhbərliyi tərəfindən veteran təşkilatlarına göstərilən diqqət və qayğı onda böyük təəssürat doğurub.
Sonra hər iki ölkənin veteran təşkilatları arasında əməkdaşlıq barədə müqavilə imzalanıb. Bu sənəd hərbçilərin sosial məsələlərinin həllində təcrübə və informasiya mübadiləsini, Azərbaycanda və Gürcüstanda keçirilən mühüm tədbirlərdə qarşılıqlı iştirakı, veteranların qarşılıqlı səfərlərini, onlar arasında idman tədbirlərinin təşkilini nəzərdə tutur. Tərəflər, həmçinin memorial abidələrin mühafizəsində, neofaşist tendensiyalara qarşı mübarizədə qarşılıqlı fəaliyyət göstərəcəklər.
D.Rzayevə “Veteran hərəkatına töhfəsinə və Gürcüstan və Azərbaycan xalqları arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsində fəal iştirakına görə” Gürcüstan Müharibə, Əmək və Silahlı Qüvvələr Mərkəzi İttifaqının fəxri fərmanı təqdim edilib. R.Natsaraşvili isə Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının “Veteran həmrəyliyi” medalı ilə təltif edilib.
Tədbirdə çıxış edən veteranlar Azərbaycan rəhbərliyinə dəstək və qayğıya görə təşəkkürlərini bildirib, Azərbaycan-Gürcüstan münasibətlərindən, o cümlədən hər iki ölkənin veteran təşkilatları arasında olan münasibətlərin möhləmlənməsindən məmnunluqlarını ifadə ediblər.