AZƏRBAYCAN VƏ İRAN PREZİDENTLƏRİNİN NÜMAYƏNDƏ HEYƏTLƏRİNİN İŞTİRAKI İLƏ GENİŞ TƏRKİBDƏ GÖRÜŞÜ
Tehran, 10 mart (AZƏRTAC). Xüsusi müxbirlərimiz xəbər verirlər ki, martın 10-da təkbətək görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf səviyyəsindən məmnunluq ifadə edildi, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın yaxşı perspektivləri olduğu bildirildi. İran ilə Azərbaycanın müxtəlif bölgələri, o cümlədən Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişaf etdiyi vurğulandı və bildirildi ki, bunun daha da genişlənməsi üçün yaxşı imkanlar var.
İki ölkə arasında iqtisadiyyat və energetika sahələrində həyata keçirilən konkret layihələrin əməkdaşlığın inkişafı baxımından əhəmiyyəti qeyd olundu. Azərbaycan Prezidenti İlham Əliyevin İrana rəsmi səfərinin ikitərəfli münasibətlərin daha da genişlənməsinə töhfə verəcəyi bildirildi.
Görüşdə Azərbaycan və İran xalqları arasında mədəni əlaqələrin zəngin tarixi olduğu xatırladıldı, humanitar əlaqələrin genişləndirilməsinin vacibliyi qeyd olundu, iki ölkə arasında münasibətlərin inkişafının regional əməkdaşlığa da töhfə verdiyi vurğulandı.
Bildirildi ki, Azərbaycan Prezidenti İlham Əliyevin İrana rəsmi səfəri çərçivəsində imzalanacaq sənədlər ikitərəfli əlaqələrin hüquqi bazasını daha da genişləndirəcəkdir.
Görüşdə ikitərəfli münasibətlərin perspektivlərinə dair fikir mübadiləsi aparıldı, qarşılıqlı əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.
######
