AZƏRBAYCAN VƏ MİSİR XARİCİ İŞLƏR NAZİRLİKLƏRİ ARASINDA NAZİR MÜAVİNLƏRİ SƏVİYYƏSİNDƏ SİYASI MƏSLƏHƏTLƏŞMƏLƏR KEÇİRİLMİŞDİR
Nazir müavini Xələf Xələfov Bakıda səfərdə olan misirli qonaqları salamlayaraq, hazırkı məsləhətləşmələrin ölkələrimiz arasında siyasi dialoqun davam etdirilməsi baxımından vacib əhəmiyyət daşıdığını vurğulamışdır.
Görüşdə MƏR-in xarici işlər nazirinin müavini xanım Fatma əl-Zəhra ölkəsinin Azərbaycan ilə bütün sahələrdə əlaqələri inkişaf etdirmək niyyətində olduğunu diqqətə çatdıraraq, Bakıya səfərinin məqsədinin Qahirədə başlanmış siyasi məsləhətləşmələrin davam etdirilməsi, ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və əməkdaşlığın inkişafı üzrə təklifləri müzakirə etmək olduğunu söyləmişdir.
Müzakirələrdə ölkələrimiz arasında beynəlxalq təşkilatlar, o cümlədən BMT və İKT çərçivəsində səmərəli əməkdaşlığın inkişaf perspektivləri, qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair danışıqlar prosesinə toxunulmuş, Ermənistanın işğalçılıq siyasətindən əl çəkmədiyi və problemin aradan qaldırılması işində qeyri-konstruktiv mövqe tutduğu qeyd edilmişdir.
Tərəflər iqtisadi, ticarət, elm, mədəniyyət, turizm, səhiyyə, təhsil və s sahələrdə əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulamış və bu baxımdan hüquq-müqavilə bazasının gücləndirilməsinin mühüm amil olduğunu bildirmiş, Qahirə və Bakı arasında birbaşa hava əlaqəsinin yaradılması, TRASECA layihəsi çərçivəsində əməkdaşlığın perspektivlərini müzakirə etmişlər. Bundan əlavə, Avropa İttifaqı ilə münasibətlər və əməkdaşlıq məsələsi də müzakirə olunmuşdur.
Görüşdə Misir-Azərbaycan müştərək komissiyasının 2007-ci ilin əvvəlində Bakıda keçirilməsi nəzərdə tutulan iclası barədə də fikir mübadiləsi aparılmışdır.