Azərbaycan və Slovakiya qarşılıqlı sərmayə yatırılmasında əməkdaşlığı davam etdirəcək
Bakı, 25 sentyabr, AZƏRTAC
Azərbaycan-Slovakiya biznes forumunun Azərbaycanda keçirilməsi hər iki ölkənin iqtisadi əlaqələrinin inkişafında əhəmiyyətli addım olacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Slovakiyanın iqtisadiyyat nazirinin müavini Kamil Şaşko Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes forumunda çıxışında deyib.
O bildirib ki, bu forum Azərbaycanın AZPROMO və Slovakiyanın İnvestisiya və Ticarət İnkişaf Agentliyi (SARİO) arasındakı mükəmməl əməkdaşlığın nəticəsidir.
“Bizim ölkələr arasında siyasi əlaqələr də yüksək səviyyədədir. May ayında Slovakiyanın Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri zamanı dövlətlərimiz arasında imzalanan sənədlərin icrasına başlanılıb”, - deyən nazir müavini qeyd edib ki, ölkələrimiz enerji sahəsi ilə yanaşı IT, tranzit, nəqliyyat, müdafiə, əczaçılıq, yeyinti sənayesi sahələrində və qarşılıqlı sərmayə yatırılmasında əməkdaşlıq əlaqələrini davam etdirəcək.
Nazir müavini nəzərə çatdırıb ki, Slovakiyanın nümayəndə heyəti noyabr ayında Bakıda keçiriləcək COP29-da təmsil olunacaq.
Daha sonra çıxış edən Slovakiyanın “Eximbanka”nın baş icraçı direktorunun müavini bildirib ki, bu səfər onun Azərbaycana ilk səfəridir: “Mən mütəmadi olaraq istər Slovakiyada, istərsə də xarici ölkələrdə təşkil olunan biznes forumlarda iştirak edirəm. Ümid edirəm ki, bankımız Slovakiya və Azərbaycan arasında icra olunan maraqlı iqtisadi layihələrin maliyyələşdirilməsində iştirak edəcək. Bankımız Slovakiyada fəaliyyət göstərən şirkətlərlə işləyir. Bu, Azərbaycan şirkəti də ola bilər”.