AZƏRBAYCAN VƏ UKRAYNA PREZİDENTLƏRİNİN MƏTBUAT KONFRANSI
AZƏRTAC-ın xüsusi müxbirləri xəbər verirlər ki, mayın 22-də, Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimi başa çatandan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yuşşenkonun mətbuat konfransı olmuşdur.
Mətbuat üçün bəyanatla çıxış edən Ukrayna dövlətinin başçısı vurğuladı ki, son illərdə yüksək dinamikası ilə fərqlənən ikitərəfli əlaqələrin genişləndirilməsi üçün çox iş görülmüşdür. O bildirdi ki, Azərbaycan Prezidenti ilə danışıqlarda siyasi, iqtisadi, energetika və humanitar sahələrdə əməkdaşlıq məsələlərinin geniş spektrinə toxunulmuşdur.
Viktor Yuşşenko energetika sahəsində əməkdaşlıqdan danışarkən Odessa-Brodı-Plotsk-Qdansk neft kəməri və Xəzər neftinin Ukraynada emal edilməsi layihələrinin reallaşdırılmasının böyük əhəmiyyəti olduğunu vurğuladı.
O, Azərbaycanda Ukrayna səfirliyi binasının tikintisi üçün ərazi ayrılması və yaxın vaxtlarda Bakıda Ukrayna ədəbiyyatının klassiki Taras Şevçenkoya abidə ucaldılması haqqında qəbul edilmiş qərara görə Prezident İlham Əliyevə təşəkkür etdi. Ukrayna Prezidenti bildirdi ki, bu ilin payızında Bakıda Ukrayna mədəniyyəti günləri keçirilməsi barədə də razılıq əldə edilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı ilə aparılmış danışıqları yüksək qiymətləndirərək vurğuladı ki, iki ölkə müstəqillik əldə edən vaxtdan onların arasında çox sıx dostluq münasibətləri yaranmışdır və hazırda bu, keyfiyyətcə yeni mərhələyə çıxmışdır. Azərbaycan dövlətinin başçısı dedi ki, bu gün imzalanmış sənədlər, ilk növbədə, bizim münasibətlərimizin xarakterini və ruhunu əks etdirən Dostluq və strateji tərəfdaşlıq haqqında bəyannamə buna sübutdur. O bildirdi ki, Azərbaycan və Ukrayna Prezidentləri Şurasının yaradılması haqqında qərar qəbul edilmiş və şura ikitərəfli əməkdaşlığın üstün istiqamətlərinin müəyyən edilməsi, eləcə də qəbul olunmuş qərarların yerinə yetirilməsinə nəzarət edilməsi üçün səmərəli orqan olacaqdır.
Prezident İlham Əliyev BMT-nin Baş Məclisində Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət haqqında qətnaməyə dair səsvermə zamanı Azərbaycanın mövqeyini dəstəklədiyinə görə Ukrayna dövlətinin başçısına təşəkkürünü bildirdi.
Dövlətimizin başçısı Xəzər neftinin dünya bazarlarına çatdırılması marşrutlarının şaxələndirilməsinin vacibliyini vurğulayaraq dedi ki, enerji ehtiyatlarının iri təchizatçısı kimi Azərbaycan özünün enerji potensialını daha tam reallaşdırmağa imkan verəcək yeni layihələr hazırlayır.
Sonra dövlət başçıları jurnalistlərin suallarına cavab verdilər.