CƏMİYYƏT
Azərbaycan vətəndaşı olan 37 nəfər Almaniyadan geri qəbul edilib
Bakı, 27 noyabr, AZƏRTAC
“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində noyabrın 26-da Azərbaycan Respublikası vətəndaşı olan 37 nəfər Almaniya Federativ Respublikasından geri qəbul edilib.
Bu barədə AZƏRTAC-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.
Qeyd edək ki, fəaliyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.