Azərbaycan xalça motivlərində qadın izləri
Rəssam Lalə Hüseynova: Qadına aid semantik qatlar xalça motivlərində simvolik işarələr vasitəsilə ifadə olunub
Bakı, 22 dekabr, AZƏRTAC
Azərbaycan xalça sənəti xalqın estetik düşüncəsini, dünyagörüşünü və mənəvi dəyərlər sistemini əks etdirən ən mühüm dekorativ-tətbiqi sənət sahələrindən biridir. Minilliklər boyu formalaşmış Azərbaycan xalçaları yalnız məişət əşyası və ya dekorativ məqsədlərlə istifadə edilən sənət nümunələri deyil, eyni zamanda, xalqın tarixi yaddaşını, sosial strukturlarını və simvolik düşüncə sistemini daşıyan mədəni mətnlər kimi çıxış edir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Rəssamlar İttifaqının üzvü Lalə Hüseynova söyləyib. O bildirib ki, Azərbaycan xalçalarında yer alan motivlər milli kimliyin, regional xüsusiyyətlərin və kollektiv mədəni təcrübənin vizual ifadəsidir. Bu motivlər nəsildən-nəslə ötürülərək müəyyən semantik yüklə zənginləşib, zamanla müxtəlif bölgələrdə fərqli üslub və kompozisiya xüsusiyyətləri qazanıb. Azərbaycan xalça məktəbləri – Qarabağ, Quba, Şirvan, Gəncə-Qazax, Naxçıvan və Təbriz – motiv zənginliyi və kompozisiya quruluşuna görə bir-birindən fərqlənməklə yanaşı, ümummilli simvolik sistemi formalaşdırır. Bu sistem daxilində qadınla əlaqəli anlayışlar xüsusi yer tutur. Qadın obrazı Azərbaycan mədəniyyətində həyatın davamlılığının, bolluğun, ailə dəyərlərinin, qoruyuculuğun və yaradıcı enerjinin əsas daşıyıcısı kimi qəbul edilib. Tarixdən əvvəlki dövrlərdən başlayaraq Azərbaycan ərazisində mövcud olmuş cəmiyyətlərdə qadının sosial və mədəni mövqeyinin yüksək olması dekorativ-tətbiqi sənətdə, xüsusilə xalça ornamentikasında açıq şəkildə öz əksini tapıb.
“Qadına aid semantik qatlar xalça motivlərində birbaşa fiqurativ təsvirlə deyil, simvolik işarələr vasitəsilə ifadə olunub. Ana bətnini xatırladan romb, çoxbucaqlı formalar, həyat ağacı, buta, əl, spiral, su motivləri qadının həyatverici və qoruyucu funksiyalarını simvolizə edir. Müxtəlif dövrlərdə və regionlarda bu motivlərin forma və kompozisiya baxımından dəyişməsi müşahidə edilsə də, onlara yüklənən əsas məna dəyişməz qalıb. Bu isə xalça sənətində qadın anlayışının sabit semantik dayaqlara malik olduğunu göstərir. Xalça motivləri, eyni zamanda, etnoqrafik və tarixi sənəd funksiyası daşıyır”, - deyə müsahibimiz qeyd edib.
Rəssamın fikrincə, motivlərin quruluşu, ritmik təkrarı və rəng həlli vasitəsilə müəyyən dövrün estetik zövqü, sosial quruluşu, dünyagörüşü haqqında məlumat əldə etmək mümkündür: “Qadın tərəfindən yaradılan bu ornamentlər qadının təkcə icraçı deyil, həm də mədəni yaddaşın qoruyucusu və ötürücüsü rolunda çıxış etdiyini sübut edir. Bu motivlərin semantik zənginliyi yalnız tarixi və etnoqrafik baxımdan deyil, həm də müasir yaradıcı praktikada öz əksini tapır. Mənim əsərlərimdə qadın elementi, Azərbaycan xalça ornamentikasının simvolik dili ilə birləşdirilərək yeni vizual kompozisiyalarda təzahür edir. Hər bir forma, rəng, ritmik təkrar qadının qoruyucu, həyatverici və yaradıcı funksiyalarını simvolizə edir və bu yolla qadın obrazı yalnız tarixi ənənəyə bağlı qalmır, eyni zamanda, müasir sənət kontekstində yenidən zənginləşdirilir. Əsərlərimdə qadın motivi birbaşa fiqurativ təsvirlərlə deyil, simvolik və abstrakt elementlər vasitəsilə ifadə olunur. Həyat ağacı, buta, spiral və su motivləri vasitəsilə qadının həyat verici və qoruyucu rolu vizual dil vasitəsilə ön plana çıxarılır. Hər bir kompozisiya qadının mədəni yaddaşın qoruyucusu və ötürücüsü kimi funksiyasını vurğulamaqla yanaşı, onun ailə, bolluq, yaradıcı enerji ilə bağlı simvolik mənalarını müasir baxış bucağı ilə təqdim edir”.
O əlavə edib ki, əsərlərdə motivlərin forma və kompozisiyasına edilən fərqli yanaşmalar qadın obrazının çoxşaxəli semantik qatlarını göstərir: “Müxtəlif rəng palitraları, ritmik naxış təkrarı və ornamentlərin yerləşdirilməsi qadının həm daxili gücünü, həm də ətraf aləmə təsirini simvolizə edir. Bu yanaşma qadın obrazını yalnız dekorativ element kimi deyil, mədəni özünəməxsusluğun, kollektiv yaddaşın daşıyıcısı kimi təqdim etməyə imkan yaradır. Beləliklə, mənim sənət praktikamda qadın elementi xalça sənətinin ənənəvi
simvolikasını qoruyaraq, onu müasir estetik, semantik kontekstdə yenidən formalaşdırır və genişləndirir. Eyni zamanda, bu yanaşma Türk dünyasının digər dekorativ-tətbiqi sənət nümunələri ilə də paralellik təşkil edir. Türk dünyasında qadının mədəni rolu və kollektiv yaddaşın qoruyucusu kimi yüksək qiymətləndirildiyini göstərir. Mənim əsərlərimdə bu simvolik dəyərləri birləşdirərək Azərbaycan və ümumilikdə Türk dünyasının dekorativ-tətbiqi sənət ənənələrinin qovuşduğu bir vizual məkan yaratmaq mümkün olur. Beləliklə, qadın elementi həm milli, həm də geniş türk mədəni kontekstində estetik və semantik baxımdan zəngin bir təsvir dili olaraq qorunur, yenidən interpretasiya edir”.