Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi Çilidə də qeyd olunub
Bakı, 24 may, AZƏRTAC
Azərbaycanın Çilidəki diplomatik missiyası Santiaqo şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı rəsmi qəbul təşkil edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda Çili hökumətinin rəsmiləri, parlamentin, ölkədə akkreditə olunmuş diplomatik korpusun, elmi-akademik, işgüzar dairələrin, kütləvi informasiya vasitələrinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən səfir Rəşad Aslanov 28 May gününün Azərbaycan üçün tarixi önəmindən bəhs edib. O, 1918-ci ildə yaradılan və bu il 100 illik yubileyinin qeyd olunduğu Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk demokratik respublika olduğunu qeyd edib və mövcud olduğu qısa müddətdə gördüyü mühüm işlərdən danışıb. 1991-ci ildə müstəqilliyin bərpasından sonra Azərbaycanın üzləşdiyi problemlər, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və bunun nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal edildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin qətiyyəti və müdrik rəhbərliyi sayəsində Azərbaycanın müstəqilliyinin və suverenliyinin qorunduğu, davamlı inkişaf strategiyasının əsasının qoyulduğu qeyd olunub. Daha sonra səfir Azərbaycanın keçdiyi uğurlu inkişaf yolu, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi nailiyyətlər, inkişaf strategiyası, Azərbaycanın geosiyasi önəmi və regional proseslərdə, habelə Avropanın enerji təhlükəsizliyindəki rolu, dövlətçiliyin daha da gücləndirilməsi üçün atılan addımlar, ölkədə təşkil olunan beynəlxalq səviyyəli tədbirlər barədə danışıb. Həmçinin qeyd olunub ki, Azərbaycanın paytaxtı Bakı şəhəri Ümumdünya “Ekspo 2025” sərgisinə ev sahibliyinə namizəddir. Ölkəmizin bu mötəbər tədbirə ev sahibliyi etməsinin əhəmiyyəti barədə məlumat verilib.
R.Aslanov Azərbaycanın multikultural ölkə olduğunu, Azərbaycanda müxtəlif dinlərə etiqad edən və mədəniyyətlərə mənsub olan insanların rahat yaşadığını, güclü tolerantlıq ənənələrinin olduğunu qeyd edib. O, Azərbaycan-Çili əlaqələrinə toxunaraq, iki ölkə arasında müxtəlif sahələrdə həyata keçirilən əməkdaşlıqdan və bu əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlərdən bəhs edib.
Tədbir zamanı Azərbaycan haqqında video nümayiş olunub.