Azərbaycan xalqı Xocalı faciəsini heç vaxt unutmayacaq
Bakı, 24 fevral, AZƏRTAC
Xocalı soyqırımı bütün Azərbaycan xalqının faciəsidir. Xalqımız bu faciəni heç vaxt unutmayacaq.
AZƏRTAC xəbər verir ki, bu fikir fevralın 24-də Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin Səbail rayon təşkilatının qərargahında
Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunan tədbirdə səsləndirilib.
Əvvəlcə tədbir iştirakçıları Bakının Xətai rayonunda yerləşən Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri qoyublar.
Qərargahda keçirilən tədbirdə Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Respublika Veteranlar Təşkilatının sədri, general-mayor Dadaş Rzayev çıxış edərək iştirakçılara faciə haqqında məlumat verib. Diqqətə çatdırılıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş və faciəli hadisələrdən biri Xocalıda baş vermiş soyqırımı olub. Bu faciə XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xirosima faciəsi ilə eyni səviyyədədir. 1992-ci ilin qanlı faciəsinədək Xocalıda yeddi min əhali yaşayırdı. Məlum hadisələr dövründə Ermənistandan, qonşu Xankəndidən ermənilər tərəfindən didərgin salınmış xeyli azərbaycanlı və 1989-cu ildə Fərqanədən qovulmuş məhsəti türkləri də Xocalıda məskunlaşmışdılar. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərindəki keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum ediblər. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunub. Sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılıb, şəhərdə yanğın baş verib, alova bürünüb. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olublar.
Bildirilib ki, fevralın 26-sı səhərədək şəhər erməni işğalçıları tərəfindən zəbt edilib. Bir gecənin içərisində qədim Xocalı yerlə yeksan edilib. Şəhəri tərk etməyə məcbur olan dinc əhalini silahlı ermənilər güllələyib, onlara amansız divan tutublar. Beləliklə, soyuq fevral gecəsində qadınlar əsir düşüblər.
Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülüb, 487 nəfər şikəst olub, 1275 nəfər dinc sakin — qocalar, uşaqlar, qadınlar əsir götürülərək erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalıblar. Bu, əsl soyqırımı idi.
Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev 1994-cü ildə Xocalı faciəsi ilə bağlı xüsusi Fərman imzalayıb. Milli Məclisin Qərarı ilə 26 fevral Xocalı soyqırımı və milli matəm günü elan olunub, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilib.
Digər çıxış edənlər erməni terrorizminin bütün bəşəriyyət üçün təhlükəli olduğunu bildiriblər.
Tədbirdə Respublika Veteranlar Təşkilatı rəyasət heyətinin üzvləri və digərləri iştirak ediblər.