İQTİSADİYYAT
Azərbaycan “Xəzər regionunun nəqliyyat logistikası-2024” beynəlxalq forumunda təmsil olunacaq
Bakı, 13 dekabr, AZƏRTAC
Azərbaycan gələn il aprelin 23-25-də Həştərxanda keçiriləcək “Xəzər regionunun nəqliyyat logistikası-2024” beynəlxalq forumunda təmsil olunacaq.
AZƏRTAC tədbirin saytına istinadla xəbər verir ki, “Xəzər regionunun nəqliyyat logistikası -2024” III Beynəlxalq Forumu “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi və ona bitişik marşrutlar üzrə yükdaşımanın aktual problemlərinə həsr olunmuş tədbirdir. Forum Azərbaycan, Rusiya, İran, Hindistan, Qazaxıstan, Türkmənistan və digər xarici ölkələrin nəqliyyat və logistika sənayesi mütəxəssisləri, yük sahibləri və aparıcı ekspertləri üçün illik platformadır. Tədbirdə nəqliyyat və logistika ekosisteminin əsas problemləri, Xəzər makroregionunun yük bazası və Böyük Avrasiyanın beynəlxalq nəqliyyat dəhlizləri haqqında ən aktual informasiyalar təqdim olunur.
Forumun plenar iclasında nəqliyyat sənayesi mütəxəssislərinin, özəl biznes nümayəndələrinin, ixtisaslaşmış assosiasiyaların və dövlət orqanlarının məruzələrinin təqdim ediləcəyi gözlənilir. Tədbirdə dəniz limanları, terminallar, ekspeditorlar, logistika şirkətləri, yük sahibləri, gəmi sahibləri, gəmiqayırma müəssisələri, ixtisaslaşmış assosiasiyalar, investisiya şirkətləri, dövlət qurumları və yerli administrasiyaların 300-dən çox nümayəndəsinin iştirakı nəzərdə tutulur.
Forum çərçivəsində Həştərxanın limanlarından birinə ekskursiyanın təşkili də planlaşdırılır.