AZƏRBAYCAN XƏZƏRİN BİOLOJİ EHTİYATLARININ İSTİFADƏSİNƏ DAİR BÜTÜN RAZILAŞMALARA ƏMƏL EDİR
Son günlər Rusiyanın kütləvi informasiya vasitələri Xəzər dənizində nərə balıqlarının ovlanmasına kvota qoyulması, balıqların mühafizəsi və çoxaldılması haqqında yoxlanılmamış xəbərlər yayırlar. “İzvestiya” qəzetinin 8 avqust nömrəsində Dövlət Balıqçılıq Komitəsindəki rəsmi şəxslərə istinadən, Rusiya tərəfinin kvotasının guya az olması barədə məlumat dərc edilmişdir. Hazırda Xəzər dənizinin bioloji ehtiyyatları komissiyasında sədrlik edən ölkə olan Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müşaviri Tariyel Məmmədli AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, Xəzəryanı ölkələrin 2002-ci il üçün nərə balığı ovu kvotaları haqqında qərar həmin komissiyanın 2001-ci il dekabrın 6-8-də Həştərxanda keçirilmiş 16-cı iclasında qəbul edilmişdir. İclas beş Xəzəryanı dövlətin balıqçılıq təsərrüfatı, elmi tədqiqat və təbiəti mühafizə təşkilatları rəhbərlərinin iştirakı ilə keçirilmişdir. Xəzəryanı ölkələr tərəfindən nərəkimilərin ovlanmasının ümumi icazə verilmiş həcminin müəyyənləşdirilməsi, eləcə də onların ovlanması kvotalarının bölgüsü həmişə Rusiyanın Xəzər ETBTİ-nin təklifi və bu institutun hazırladığı metodika üzrə qəbul edilir.
Tariyel Məmmədli demişdir ki, Dövlət Komitəsinin adı çəkilməyən rəsmi şəxsinin nərə balıqlarını Azərbaycanın nəzarətsiz ovlaması barədə həmin qəzetdə verdiyi bəyanat təəccüb doğurur. Halbuki, Rusiyanın “Rıbovodstvo i rıbolovstvo” jurnalının (2001-ci il 1-ci nömrə) verdiyi məlumata görə, RF-də nərə balıqlarının qeyri-qanuni ovu onların qanuni ovundan 11 dəfə çoxdur.
Rusiyanın bəzi kütləvi informasiya vasitələri də yalnız üç ölkənin - RF, İran və Qazaxıstanın körpə nərə balığı yetişdirib Xəzər dənizinə buraxdığını yazırlar. Müşavir bildirmişdir ki, Azərbaycan dünyada nərəkimilərin sənaye miqyasında çoxaldılmasının pioneridir (dünyada ilk nərə balığı yetişdirən zavod 1953-cü ildə, ikincisi isə 1954-cv ildə Azərbaycanda- Kür çayı üzərində tikilmişdir). Nərəkimilərin yetişdirilməsinin biotexniki normativləri də elə burada işlənib hazrılanmışdır. Bu metodlar Azərbaycanda sınaqdan keçirildikdən sonra, 1955-ci ildə Rusiyada ilk Kizan balıqyetişdirmə zavodu tikilmişdir.
1953-cü ildən bəri Azərbaycan 500 milyondan çox körpə balıq yetişdirib Xəzər dənizinə buraxmışdır və bu illər ərzində digər Xəzəryanı ölkələri xeyli qabaqlayaraq, Rusiya Federasiyasından sonra ikinci yeri tutur.
Tariyel Məmmədli əlavə etmişdir ki, Xəzəryanı ölkələrin 2001-ci ildə nə qədər körpə nərə balığı yetişdirib Xəzər dənizinə buraxması barədə yeganə rəsmi mənbə Xəzər dənizinin bioloji ehtiyyatları üzrə komissiyanın 16-cı iclasında beş sahilyanı ölkə tərəfindən imzalanmış protokoldur. Protokolda deyilir ki, 2001-ci ildə cəmi 96,2 milyon körpə nərə balığı yetişdirilmişdir ki, onların da 12,9 milyonu Azərbaycanın payına düşür. Ölkəmiz bu ilin 7 ayı ərzində RF nümayəndəsinin iştirakı ilə Xəzərə 15,5 milyon körpə balıq buraxmışdır və bu proses cari ilin payız balıqyetişdirmə movsümü hesabına davam etdirləcəkdir.