“AZƏRBAYCAN YAŞIL DÜNYA NAMİNƏ” BEYNƏLXALQ SƏRGİSİ AÇILMIŞDIR
Bakı, 16 sentyabr (AZƏRTAC). Sentyabrın 16-da Heydər Əliyev adına İdman-konsert Kompleksində “Azərbaycan yaşıl dünya naminə” adlı beynəlxalq sərgi açılmışdır.
Açılış mərasimində ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak etmişlər. Nazirlər sərgidə nümayiş olunan stendlərlə tanış olmuşlar.
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirmişdir ki, son dövrlərdə Azərbaycanda dövlət tərəfindən ekologiya sahəsinə xüsusi diqqət ayrılır.
Nazir vurğulamışdır ki, ölkəmizdə ilk dəfədir ki, belə bir sərgi təşkil olunmuşdur. “Ekologiya İli” çərçivəsində keçirilən sərginin məqsədi Azərbaycanda və digər ölkələrdə ətraf mühitin sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin, tətbiq edilən texnologiyaların geniş auditoriyaya təqdim edilməsi, bu sərgidə müxtəlif şirkətlərin qazandığı təcrübəni nümayiş etdirməkdir. Sərgidə ekoloji problemlərin həllində təcrübəyə malik 30-a yaxın xarici, yerli şirkətlər, dövlət qurumları və QHT-lər iştirak edir.
Sərgidə xüsusi mühafizə olunan təbiət ərazilər, su bioresursları, meşələr, ətraf mühitin monitorinqi, hidrometeorologiya, neft-qaz sektoru, meliorasiya və su təsərrüfatı, kənd təsərrüfatı, “Ekologiya ili” çərçivəsində həyata keçirilən tədbirlərlə bağlı stendlər nümayiş olunur.
Sərgi sentyabrın 18-dək davam edəcəkdir.
######
![]() |
![]() |

