AZƏRBAYCAN YIĞMASI BEYNƏLXALQ FUTZAL TURNİRİNİN QALİBİ OLMUŞDUR
Bakı, 28 yanvar (AZƏRTAC). Azərbaycanın futzal üzrə yığma komandası Bakı İdman Sarayında başa çatmış ikinci Beynəlxalq futzal turnirinin qalibi olmuşdur. Azərbaycan futzalçıları qrupda sonuncu görüşdə Moldova komandası üzərində 4:2 hesabı ilə qələbə qazanmışlar. Beləliklə, üç oyundan 9 xal toplamış meydan sahibləri turnirin kubokuna sahib çıxmışlar.
Günün digər görüşündə isə Gürcüstan yığması Rusiyanın “Kaspi” komandası ilə qarşılaşmışdır. Bu oyunda 2:2 hesabı qeydə alınmışdır. Hərəyə 4 xal toplamış Gürcüstan və Moldova komandaları, müvafiq olaraq, ikinci-üçüncü yerləri tutmuşlar. “Kaspi” klubu isə 4-cü olmuşdur.
Turnirin bağlanış mərasimində iştirak etmək üçün Sovet futbolunun tanınmış nümayəndələri Aleksandr Çivadze, Vladimir Maslaçenko, vaxtilə “Neftçi”nin şərəfini qorumuş Nikolay Boqdanov da Bakıya gəlmişdilər.
Bağlanış mərasimində çıxış edən AFFA-nın baş katibi Elxan Məmmədov turnirin artıq ənənə halı aldığını söyləyərək, son illər Azərbaycanda futzalın inkişaf etdiyini diqqətə çatdırmışdır.
Rusiyanın tanınmış futbol şərhçisi, futbol veteranı Vladimir Maslaçenko isə yarışın yüksək səviyyədə təşkil olunduğunu bildirərək, belə turnirlərin futzalın kütləviliyinə təkan verəcəyini söyləmişdir.
Futbol veteranları Ələkbər Məmmədov, Aleksey Çivadze Azərbaycan yığmasını təbrik edərək, yarışın təşkilatçılarına minnətdarlıqlarını bildirmişlər. Komandalara xatirə hədiyyələri təqdim olunmuşdur.
######
