Azərbaycanda 2026-cı ilədək "Şəhərsalma Nəzarəti" altsisteminin formalaşdırılması nəzərdə tutulur
Bakı, 7 mart, AZƏRTAC
Prezident İlham Əliyevin 27 dekabr 2023-cü il tarixli Fərmanına və bu Fərmanın icrasını təmin etməkdən irəli gələn digər normativ hüquqi aktlarına uyğun olaraq, tikintiyə icazə və istismara icazə icraatı da daxil olmaqla şəhərsalma və tikinti inzibatçılığının, şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi və rəqəmsal texnologiyaların yaratdığı imkanlar nəzərə alınmaqla təkmilləşdirilməsi, eləcə də 2026-cı ilədək "Şəhərsalma Nəzarəti" altsisteminin formalaşdırılması nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov “Biznes mühitinin yaxşılaşdırılması üzrə iqtisadi islahatlar və müasir çağırışlar” mövzusundakı konfransda deyib.
Onun sözlərinə görə, Elektron Tikinti Portalına maraq əvvəlki illərə nisbətən xeyli artıb.
“Ötən il bu portal vasitəsilə ümumi müraciət sayı 2764 olub, 102 ədəd tikintiyə və istismara icazə verilib, 1224 ədəd isə məlumatlandırma icraatı həyata keçirilib. Tikinti və istismara icazənin verilməsi prosesinin tam elektronlaşdırılması vətəndaş və ya sahibkar tərəfindən bir pəncərə prinsipi əsasında tikinti və istismara icazənin əldə edilməsini təkmilləşdirməklə yanaşı, həm də mühəndis-kommunikasiya təminatı ilə bağlı texniki şərtlərin və layihə sənədlərinin elektron şəkildə əldə edilməsinə, icazə icraatından başlayaraq tikintiyə dövlət nəzarəti ilə bağlı proseslər də daxil olmaqla qurumlararası məlumat mübadiləsini elektron şəkildə həyata keçirilməsinə imkan yaradıb. Həmçinin, tikinti icraatı çərçivəsində daxil olan məlumatların etibarlı mühafizəsinin təmin edilməsi, ümumilikdə vətəndaş-məmur təmasını bir qədər də azaltmaqla tikinti və istismar icraatının daha da şəffaflaşdırılması və vətəndaş məmnunluğunun artırılması hədəflənir”, - deyə Namiq Hümmətov əlavə edib.