Azərbaycanda bu il ərzində 792 nəfər İİV-ə yoluxub
Bakı, 14 dekabr, AZƏRTAC
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən, ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur.
Azərbaycanda ötən 11 ay ərzində 792 nəfər İİV-ə yoluxub. Onlardan 761 nəfəri Azərbaycan vətəndaşı, 31 nəfəri isə əcnəbidir. Azərbaycan vətəndaşları arasında 64 nəfəri (8,4 faizi) İnyekson Narkotik İstifadəçiləri olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2023-cü ilin yanvar-noyabr aylarının yekununa dair hesabatında bildirilir.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hesabat dövründə müvafiq istiqamətdə 112 maarifləndirici görüş, 39 təlim, 3 mədəni-kütləvi tədbir, 2 infotur, 1 rəsm müsabiqəsi, 7 sosial layihə, 1 veloyürüş və 1 marafon təşkil edilib.
“802” qaynar xətt telefon zəng xidmətinə 1125 vətəndaş müraciəti daxil olub ki, onların 202-si narkotik vasitələrin qanunsuz dövriyyəsi, 384-ü narkotik asılılıqdan müalicə, 539-u isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəalarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd edilən müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 586 məktub ünvanlanıb.
Belə ki, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılıb və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.