“AZƏRBAYCANDA DAXİLİ TİCARƏTİN DURUMU, PROBLEMLƏR VƏ ONLARIN HƏLLİ YOLLARI” MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR
TİB-in sədri Sevgim Rəhmanov son illərdə ölkəmizdə istehlak bazarının inkişafı, yeni ticarət obyektlərinin istifadəyə verilməsi, onun keyfiyyətli mallarla təmin edilməsi və əhalinin sağlamlığının qorunması sahəsində kompleks tədbirlərin həyata keçirildiyini söyləmişdir. Natiq bu tədbirlərin əsas istiqamətlərinin respublika ərazisində istehlakçılar üçün bərabər səraitin yaradılması, alqı-satqı prosesində, iş görülməsində və xidmət göstərilməsində istehlakçı ilə istehsalçı, satıcı və icraçı arasında münasibətlərin eyni cür tənzimlənməsi, istehlakçıların hüquqlarının qorunmasının ümumi hüquqi, iqtisadi və sosial əsaslarının və mexanizmlərinin müəyyənləşdirilməsi məqsədi daşıdığını bildirmişdir. Qeyd edilmişdir ki, ölkədə sahibkarlığın inkişafı sahəsində dövlət siyasətinin həyata keçirilməsində mühüm rol oynayan amillərdən biri də bəzi sahibkarlıq fəaliyyəti növlərinin lisenziyalaşdırılmasıdır.
Uğurlarla yanaşı, problemlərin də az olmadığını açıqlayan S.Rəhmanov, fəaliyyət göstərən ticarət obyektlərinin dəqiq siyahısının olmadığını, onların qeydiyyatının aparılmadığını vurğulamışdır. Ticarət işçilərinin əksəriyyətinin ticarət fəaliyyətini tənzimləyən yeganə sənədlə - “Azərbaycan Respublikasında ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları” ilə tanış olmadığı və onlara riayət etmədiyi, görülən işlər haqqında satıcılarla sahibkarlar arasında müqavilələrin bağlanmadığı və s. diqqətə çatdırılmışdır.
Konfransda çıxış edən sahibkarlar, qeyri-hökumət təşkilatlarının rəhbərləri qazandıqları nailiyyətlərdən, mövcud problemlərdən danışmış, onların həlli yollarını müzakirə etmişlər.
Sonda daxili ticarətin inkişafındakı xidmətlərinə görə bir qrup sahibkar TİB-in fəxri diplomu ilə təltif olunmuşdur.