AZƏRBAYCANDA ELEKTRON BƏYANNAMƏ TƏTBİQ EDİLİR
Vergilər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, nazirlikdə bəyannamələrin elektron qəbuluna dair brifinq keçirilmişdir.
İqtisadi təhlil və uçotun təşkili idarəsinin rəisi Zaur Fətizadə bildirmişdir ki, vergi ödəyicilərinə daha səmərəli vergi xidməti göstərilməsi və vergi inzibatçılığının təkmilləşdirilməsi respublikamızda inkişaf etmiş ölkələrə xas olan xidmət növünün - elektron bəyannamənin tətbiqinə zərurət yaratmışdır. 2005-2007-ci illəri əhatə edən Azərbaycan Respublikasında vergi inzibatçılığının təkmilləşdirilməsi Dövlət Proqramında da nəzərdə tutulmuş bu prosesin həyata keçirilməsi üçün Vergi Məcəlləsinə müvafiq əlavə və dəyişikliklər edilmiş, Nazirlər Kabinetinin 2007-ci il 27 iyul tarixli qərarı ilə “Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydaları” təsdiq olunmuşdur.
İdarə rəisi bildirmişdir ki, artıq vergi ödəyiciləri vergi orqanı ilə müqavilə bağlamaqla, istifadəçi kodu, şifrə və parol almaqla elektron formada bəyannamə göndərmək hüququnu əldə edə və vergi orqanındakı qeydiyyat məlumatlarına və büdcə qarşısındakı öhdəliklərinə baxış imkanına malik ola bilərlər.
Z.Fətizadə demişdir ki, bu sistem vergi ödəyicisinin vergi orqanına gəlmədən və qurumun əməkdaşı ilə əlaqəyə girmədən, tam şəffaf şəkildə, onun üçün rahat olan mühitdə və istədiyi zamanda bəyannaməni tərtib edərək internet vasitəsilə təqdim etməsinə imkan verir. Digər tərəfdən, bəyannamənin tərtibinə və düzgünlüyünün yoxlanılmasına proqram təminatı vasitəsilə göstərilən kömək, bəyannamələrin elektron formada saxlanılması, vergi ödəyicisinin büdcə qarşısındakı öhdəlikləri barədə məlumatlar əldə etmək imkanının olması onu bir sıra əlavə işlərdən azad edir.
Yaxın gələcəkdə bütün vergi ödəyicilərinin elektron bəyannamədən istifadə edəcəyini bildirən idarə rəisi, vergi ödəyicilərinin elektron bəyannamələrə olan marağının gündən-günə artdığını söyləmişdir. Bildirilmişdir ki, bu günədək təqribən 20 min vergi ödəyicisi istifadəçi kodu almış, elektron formada təqdim olunmuş bəyannamə və hesabatların sayı isə 25 mini ötmüşdür. Artıq əlavə dəyər vergisi ödəyicilərinin 90 faizi bu xidmət növündən istifadə edir.
Vergi ödəyicilərinə verilən istifadəçi kodu, şifrə və parolların təhlükəsizliyi məsələsinə də toxunan Z.Fətizadə qeyd etmişdir ki, onların təhlükəsizliyi ən müasir mühafizə avadanlıq və alqoritmlərdən istifadə olunmaqla təmin edilir. Ölkədə “elektron imza”nın tətbiqinə başlanıldıqdan sonra istifadəçi adı, parol və şifrələr “elektron imza” ilə əvəz ediləcəkdir.
Tədbirdə jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.