Azərbaycanda heyvanların identifikasiya sistemi yaradılır
Bakı, 7 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində heyvanların identifikasiya sisteminin yaradılmasını planlaşdırır.
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildiriblər ki, qida təhlükəsizliyinin təmin edilməsində müstəsna əhəmiyyətə malik olan heyvanların identifikasiya sistemi hər bir heyvan fərdinin və heyvandarlıq məhsullarının “fermadan süfrəyədək” izlənməsinə imkan yaradacaq. Yəni identifikasiya sistemi istehlakçının istifadə etdiyi heyvan mənşəli məhsulun hansı təsərrüfatdan çıxması, neçə nömrəli heyvanın ətindən və ya südündən hazırlanması, hansı istehsal müəssisəsində emal olunması, həmin heyvanın indiyədək hansı xəstəlikləri keçirməsi, hansı xəstəliklərə qarşı və nə zaman vaksinasiya olunması, hansı baytarlıq preparatlarından nə zaman istifadə olunması və s. məlumatları özündə birləşdirən informasiya sistemidir.
Heyvanlar arasında rast gəlinən qarayara xəstəliyinə qarşı peyvənd edilmiş heyvanın məhsullarından ən azı iki həftə istifadə etmək olmaz, əks halda bu məhsulları qəbul etmiş insan eyni xəstəliyə yoluxar və ya sağlamlığında digər fəsadlar baş verə bilər. Oxşar tələblər respublikada geniş şəkildə peyvəndləmə aparılan bruselyoz, çiçək və digər xəstəliklərə də şamil edilir. Həmçinin müalicə və profilaktika məqsədilə baytarlıq preparatları tətbiq edildikdə də onların heyvan orqanizmindən xaricolma müddətindən asılı olaraq məhsullardan istifadə üçün müəyyən gözləmə dövrü müəyyən edilir. Qeyd olunan proseslərin idarə olunması üçün bu günədək identifikasiya sistemindən istifadə olunmaması ölkə daxilində qida məhsullarının təhlükəsizliyinə və istehsal edilən məhsulların ixrac edilməsinə ciddi maneələr yaradır.
Tətbiq olunacaq yeni sistem heyvanların həyatı boyu genetik xətt üzrə izlənməsi, damazlıq işinin təşkili, qida təhlükəsizliyi üzrə risklərin aşkar edilməsi və idarə olunması, xəstəliklərə qarşı baytarlıq tədbirlərinin icra edilməsinə imkan yaradacaq, ölkəmizin müasir qida təhlükəsizliyi standartlarına inteqrasiyasını sürətləndirəcək.