“AZƏRBAYCANDA HUMANİTAR MÜDAXİLƏ” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLƏCƏK
BMT QAK-ın Bakı ofisindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, qurumun təşkilatçılığı ilə keçiriləcək tədbirdə ötən 10 il ərzində Azərbaycana göstərilən humanitar yardımlar, Azərbaycan hökumətinin neftdən əldə olunan gəlir hesabına bu sahədə gördüyü işlər, əldə olunan nailiyyətlər, humanitar sahələrdə yaranmış boşluğun və üstün istiqamətlərin müəyyən edilməsi məsələləri müzakirə olunacaqdır. Eyni zamanda, Azərbaycan hökuməti ilə humanitar və biznes sahələrində əməkdaşlıq edən tərəflərin məsuliyyətinin və vəzifəsinin daha aydın şəkildə bölünməsi məqsədi ilə hazırlanmış fəaliyyət proqramı barədə də geniş fikir mübadiləsi aparılacaqdır.
Konfransda Azərbaycanda fəaliyyət göstərən əsas beynəlxalq, yerli humanitar və inkişaf təşkilatlarının, donor icmalarının, özəl sektorun nümayəndələri iştirak edəcəklər.