Azərbaycanda keçiriləcək I Bakı Beynəlxalq Animasiya Filmləri Festivalının münsiflər heyəti açıqlanıb
Bakı, 24 avqust, Pərvanə Rəhimova, AZƏRTAC
I Bakı Beynəlxalq Animasiya Filmləri Festivalının münsiflər heyətinə Azərbaycanla yanaşı, Rusiya, Gürcüstan, İsrail, Misir, Slovakiya və İrandan peşəkarlar daxil edilib.
Layihənin təsisçisi və direktoru Rəşid Ağamalıyev AZƏRTAC-a bildirib ki, festival oktyabrın 19-dan 21-dək Bakıda keçiriləcək. Münsiflər heyəti işləri iki tərkibdə - Elçin Hami Axundov (Azərbaycan), Cahangir Süleymanov (Rusiya), Ketevan Canelidze (Gürcüstan), Məhəmməd Qazala (Misir), Andrey Xovanets (Slovakiya) animasiya filmlərini, Yefim Abramov (İsrail), Leyla Novruzi (İran), Sevinc Əzimova, Aygün Aslanova, Kəmalə Rövşən (Azərbaycan) ssenariləri qiymətləndirəcəklər.
Rəşid Ağamalıyev deyib: “Fərəhli haldır ki, Bakı Beynəlxalq Animasiya Filmləri Festivalında iştirak üçün 30 ölkədən, o cümlədən Fransa, ABŞ, İran, Almaniya, Böyük Britaniya, İtaliya, Kanada, İspaniya və digər ölkədən 250-dən çox müraciət var. Əsas məqsəd rejissorların, ölkənin kino və animasiya studiyalarının yaradıcılıq və istehsal fəaliyyətinin inkişafı, əcnəbi rejissorların müxtəlif janrlarda peşəkar animasiyalarına baxış, beynəlxalq təcrübə mübadiləsidir”.
Müraciətlərin qəbulu sentyabrın 15-dək davam edəcək. Birinci festivalın əsas mövzusu Azərbaycan animasiyasıdır. Festival çərçivəsində müsabiqələr keçiriləcək, hər nominasiya üzrə ən yaxşıları üzə çıxarılacaq və “Qızıl gəmi” sertifikatı ilə təltif ediləcək. Həmçinin sponsorlar adından mükafatlar təqdim olunacaq, tematik axşamlar, seminar və ustad dərsləri, “Azərbaycan animasiyası” kitabının təqdimatı, uşaq proqramları və digər tədbirlər keçiriləcək.
Habelə milli kinomuzun 120 illiyi ilə bağlı “ReAnimasiya” sərgisi təşkil olunacaq.