AZƏRBAYCANDA “NARINCI İNQİLABLAR” ÜÇÜN ZƏMİN YOXDUR
R.Rizayev demişdir ki, beynəlxalq müşahidəçilərin qiymətlərinin bəzi hallarda fərqli olmasına baxmayaraq, onların hamısı etiraf edirlər ki, seçkilər, ümumən, normal keçmişdir. Səfir bildirmişdir ki, Azərbaycan Prezidenti azad və şəffaf seçkilər keçirilməsi üçün bütün zəruri qərarları qəbul etdi və hökumət seçkilərin gedişində qeydə alınmış pozuntulara müvafiq reaksiya verdi, inzibati və cinayət cəzası şəklində qəti tədbirlər gördü. Bunlar Azərbaycanın imicini daha da artırdı.
Səfir jurnalistlərin suallarına cavab verərək, bəzi Rusiya siyasətçilərinin ksenofobik bəyanatlarını, ölkədə millətlərarası ədavəti qızışdırmaq cəhdlərini kəskin tənqid etmişdir. O, “Rusiyanı gəlmələrdən təmizləməyə” çağıran “Rodina” partiyasının lideri Dmitri Roqozinin xoşagəlməz fəaliyyətini qəti pisləyərək demişdir ki, bu cür bəyanatlar əsassızdır və ilk növbədə, Rusiyanın özü üçün zərərlidir. Rusiya tolerant ölkə kimi şöhrət qazanmışdır, bəzi “demokratlar” isə Moskva Dövlət Dumasına seçilmək üçün bəsit təşviqat üsullarına əl atırlar. Halbuki bunlar sonu bəlli olmayan hadisələrə gətirib çıxara bilər. Belə əməllər Rusiyanın özünə qarşı yönəldilmişdir. Bu məsələ Rusiyadakı bütün diplomatik korpusu narahat edir və o, bununla əlaqədar öz mövqeyini açıqlamaq fikrindədir. Diplomatik korpusun duayeni kimi, mən bu məsələni müzakirəyə çıxarmaq təşəbbüsü irəli sürmüşəm. Məqsəd Rusiya hökumətinə kömək etməkdir. Demək lazımdır ki, Rusiya rəhbərliyi millətçiliyin və ksenofobiyanın hər cür təzahürlərini birmənalı şəkildə pisləyir.
Səfir Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bildirmişdir ki, bu istiqamətdə tərəqqi müşahidə olunur, proses ləng getsə də, lakin, hər halda, irəliləyir.
R.Rizayev NATO-nun sülhməramlı qüvvələrinin Qarabağ münaqişəsinin tənzimlənməsinə cəlb olunmasının və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin NATO qoşunları tərəfindən qorunmasının mümkünlüyü məsələsinə toxunaraq demişdir ki, NATO-nun sülhməramlı qüvvələrinin Dağlıq Qarabağ münaqişəsinin həllinə cəlb edilməsi məqsədəuyğun deyil, bu qüvvələri BMT, yaxud ATƏT müəyyənləşdirməlidir.
R.Rizayev demişdir ki, terror təhlükəsi və kütləvi qırğın silahlarının yayılması problemləri ilə mübarizə üçün Xəzər dənizində çoxmillətli “Kasfor” qüvvələri yaradılması barədə Moskvanın təşəbbüsünə ümumən müsbət yanaşır.
Diplomat Rusiyanın Gürcüstandan çıxarılan hərbi bazalarının bir hissəsinin Ermənistanda yerləşdirilməsi planlarına rəsmi Bakının mənfi yanaşdığını xatırladaraq bildirmişdir ki, bu, Dağlıq Qarabağ probleminin tənzimlənməsi perspektivlərinə mənfi təsir göstərə bilər.