AZƏRBAYCANDA NATO BEYNƏLXALQ MƏKTƏBİNİN YAY SESSİYASI AÇILMIŞDIR
NATO-nun üzv və tərəfdaş ölkələrindən, eləcə də Azərbaycandan 50 gəncin iştirak etdiyi sessiya bir həftə davam edəcəkdir. Bu müddətdə iştirakçılar Avratlantika əhəmiyyətli məsələlərlə məşğul olan akademik və siyasi dairələrlə görüşəcəklər. Bundan əlavə, “NATO yeni təhlükəsizlik mühitində”, “Üç dəniz ətrafında təhlükəsizlik və əməkdaşlıq”, “Cənubi Qafqazda əməkdaşlığın perspektivləri”, “NATO-nun Qara dənizdə rolu” və s. mövzularda məruzələr dinləniləcəkdir. Proqrama sosial tədbirlər də daxildir.
Sessiyanın açılış mərasimində Şimali Atlantika Alyansı baş katibinin müavini Jan Furne, İtaliyanın, Norveçin və Gürcüstanın ölkəmizdəki səfirləri - Can Luici Maşa, Steynar Gil və Zurab Qumberidze iştirakçıları salamlamış, və onlara uğurlar arzulamışlar. Bildirilmişdir ki, artıq 5 ildir fəaliyyət göstərən məktəbin məqsədi ictimaiyyətin diqqətini gənclərin problemlərinə yönəltməkdir. Sessiya zamanı iştirakçılar məqalələrini Azərbaycan XİN-in və NATO-nun mətbu orqanlarında çap etdirmək imkanı qazanacaqlar. Beynəlxalq məktəb üçün Azərbaycanda təlim mərkəzlərinin yaradılması üzərində iş getdiyi qeyd olunmuşdur.
Xarici işlər nazirinin müavini Araz Əzimov tədbiri region ölkələrinin, o cümlədən Azərbaycanın NATO-ya inteqrasiyası baxımından əhəmiyyətli olduğunu söyləmiş, ölkəmizdə Avratlantika strukturlarına yaxınlaşma istiqamətində həyata keçirilən tədbirləri qeyd etmişdir.
Tədbirdə alyansın Cənubi Qafqaz ölkələri üzrə əlaqələndirici zabiti Romualds Razusk, ABŞ-ın Montana Universitetinin professoru, Azərbaycan haqqında bir neçə kitabın müəllifi Tomas Qolts, diplomatik korpusun nümayəndələri iştirak edirdilər.