AZƏRBAYCANDA PREZİDENT SEÇKİLƏRİNƏ HAZIRLIĞIN BİRİNCİ MƏRHƏLƏSİ ÇOX YÜKSƏK SƏVİYYƏDƏ KEÇMİŞDİR
Azərbaycanda prezident seçkilərinə hazırlığın birinci mərhələsi çox yüksək səviyyədə, mövcud qanunvericiliyin tələblərinə uyğun keçmişdir. Bu, Azərbaycan hökumətinin seçkiləri azad, şəffaf və demokratik keçirmək niyyətini bir daha sübut edir.
AZƏRTAC xəbər verir ki, Azərbaycanda oktyabrın 15-də keçiriləcək prezident seçkilərinə hazırlığın monitorinqini aparan Müstəqil Dövlətlər Birliyi (MDB) müşahidə missiyasının Bakıdakı qərargahı rəhbərinin müavini Oleq Kuleba bu barədə sentyabrın 23-də keçirdiyi mətbuat konfransında məlumat vermişdir.
Oleq Kuleba demişdir ki, MDB müşahidə missiyasının bir qrup üzvü sentyabrın 15-dən Azərbaycanın Hacıqabul, Salyan, Astara, Lənkəran, Lerik, Cəlilabad, eləcə də Dəvəçi, Xaçmaz, Quba və Qusar rayonlarında yerli icra strukturlarının, dairə və məntəqə seçki komissiyalarının rəhbərləri ilə görüşmüş, seçkilərə hazırlığın monitorinqini aparmışdır. Müşahidəçilər heç bir maneə ilə rastlaşmamış, onlar üçün normal iş şəraiti yaradılmışdır. Monitorinq zamanı heç bir qanun pozuntusuna rast gəlinməmişdir. Mərkəzi Seçki Komissiyası və dövlət orqanları seçkilərin tam şəffaf, azad və demokratik keçirilməsi üçün konkret addımlar atmışlar. Respublikanın bölgələrində dairə və məntəqə seçki komissiyaları inzibati binalar, lazımi avadanlıq və digər zəruri vəsaitlərlə tam təmin olunmuşlar. Mərkəzi Seçki Komissiyası aşağı seçki komissiyalarının üzvləri üçün təlim məşğələləri təşkil etmiş, komissiya üzvləri və işçilər seçki qanunvericiliyi barədə lazımi təlimatlar almış, onlara əyani vəsaitlər paylanmışdır. Prezident seçkiləri ərəfəsində əhali arasında da heç bir narazılıq yoxdur. Müşahidə missiyasının üzvləri bu günlərdə MSK sədri, daxili işlər naziri, baş prokuror və digər rəsmi şəxslərlə görüşəcək, onlarla seçki gününə hazırlıq və başqa məsələlər barədə fikir mübadiləsi aparacaqlar.
Oleq Kuleba vurğulamışdır ki, prezidentliyə namizədlər üçün yaradılmış şərait də təqdirəlayiqdir. Müşahidə missiyasının qərargahına namizədlərdən və onların səlahiyyətli nümayəndələrindən heç bir şikayət daxil olmamışdır. Namizədlərə televiziya və radioda pulsuz efir vaxtının ayrılması, digər kütləvi informasiya vasitələrində onların təbliğat-təşviqat kompaniyaları üçün geniş imkanların yaradılması iddiaçıların rəqabət aparmalarını asanlaşdırır. Bütün bunlar missiya tərəfindən yüksək qiymətləndirilmişdir.
O.Kuleba onu da bildirmişdir ki, Azərbaycanda keçiriləcək seçkiləri MDB-dən 300-ə yaxın müşahidəçi izləyəcəkdir. Onlar oktyabrın 2-dən başlayaraq Azərbaycana gələcəklər. Müşahidələrin nəticələri barədə oktyabrın 16-da mətbuata açıqlama veriləcəkdir.
Sonra Kuleba jurnalistləri maraqlandıran sualları cavablandırmışdır.
######
