AZƏRBAYCANDA SEÇKİLƏR DEMOKRATİK STANDARTLARA UYĞUN OLMUŞ VƏ CÜZİ POZUNTULARLA MÜŞAYİƏT EDİLMİŞDİR
Azərbaycanda noyabrın 6-da keçirilən parlament seçkiləri demokratik standartlara uyğun olmuş və xalqın iradəsini təhrif etməyə imkan verməyən cüzi pozuntularla müşayiət edilmişdir. Seçkilərə təxminən 10 gün qalmış baş verən hadisələr göstərmişdir ki, müxalifətin Azərbaycanda bu gün keçirdiyi ilk genişmiqyaslı etiraz aksiyasına baxmayaraq, “narıncı inqilab” baş tutmamışdır və tutmayacaqdır. Bunu noyabrın 9-da Beynəlxalq Monitorinq Bürosunun qrupu tərkibində MDB İcraiyyə komitəsindən parlament seçkilərinin müşahidəçilərindən biri Sergey Markov Moskvada mətbuat konfransında bildirmişdir.
Politoloq vurğulamışdır ki, texniki pozuntular, ilk növbədə, seçki məntəqələrində növbələr üstünlük təşkil edirdi. Buna hər şeydən əlavə səsvermə prosedurunun müdafiəsinin yeni qaydası - seçicilərin barmaqlarının rəngsiz mürəkkəblə işarələnməsi səbəb olmuşdur. Onun sözlərinə görə, mürəkkəbi görməyə imkan verən cihazın tətbiqi məntəqə komissiyasının üzvləri üçün heç də həmişə anlaqlı olmamışdır və bu, seçicilərin qeydə alınması prosesini ləngidirdi. Beynəlxalq Monitorinq Bürosunda hesab edirlər ki, barmaqların işarələnməsi sisteminin tətbiqi gözlənilən səmərəni verməmiş, səsvermə üçün maneələri tamamilə aradan qaldırmaq mümkün olmamışdır. Məsələn, bəzi qadınlar dini səbəblərə görə səs verməkdən imtina edirdilər, çünki İslam qadınlara dırnaqlarını rəngləməyi yasaq buyurur (işarələmək üçün mürəkkəb barmağın dırnağa yaxın hissəsinə vurulur). Markov xatırlatmışdır ki, Azərbaycan MSK bu proseduru ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun tövsiyəsi ilə tətbiq etmişdir.
Markovun sözlərinə görə, müxalifət belə bir texnologiyaya əl atmışdır - seçkilərdə pozuntular barədə ATƏT missiyasının ofisinə ardı-arası kəsilmədən telefon zəngləri edilmişdir. Müşahidəçilər bütün zəngləri yoxlamağın mümkünsüzlüyünü nəzərə alaraq, bu xəbərləri, sadəcə olaraq, pozuntular kimi qeydə alırdılar. Lakin onlar yerlərə getdikdə məlum olurdu ki, pozuntular ya əhəmiyyətsizdir, ya da belə şeylər baş verməyibdir. Bax, bu yolla təxminən 27 min pozuntu qeydə alınmışdır.
Rusiya Milli Birliklər Konqresinin prezidenti, Moskvadakı Azərbaycan icmasının lideri Zahid Qocayev mətbuat konfransında demişdir: “Bu seçkilər iqtidarın deyil, müxalifətin – Xalq Cəbhəsi ruhunda köhnə Azərbaycan müxalifətinin müqəddəratını həll etməli idi. Çünki yeni müxalifət hələ də meydana gəlməmişdir. Köhnə müxalifət qalacaqmı, yoxsa yeni müxalifət gələcək? Məsələ, bax, bundadır. Zənnimcə, yaxın 5-7 ildə heç nə dəyişməyəcəkdir”. Onun fikrincə, parlamentə müxalifətdən orta göstəricili adamlar gəlmişlər. Buna görə də seçkiqabağı dövrdə gərgin mübarizə getmədi.
Sergey Markov vurğulamışdır ki, adətən, “inqilabçılar”ın qərargahlarının küçələrdə, eləcə də məmurların kabinetlərində yerləşdiyi Ukrayna və Gürcüstandan fərqli olaraq, Bakıda “yarıminqilab”ın mərkəzi hökumət kabinetlərində idi. Hökumətin korrupsiyaya qurşanmış yüksək vəzifəli məmurlarının həbsə alınması Prezidentin imicini xeyli yüksəltdi və inandırdı ki, o, dövləti idarə etməyə qadirdir.
Politoloqun fikrincə, Azərbaycanda müxalifət İlham Əliyevin dövlət başçısı vəzifəsində qalmasında maraqlı olan Birləşmiş Ştatlardan ciddi dəstək almadı. Bu, Birləşmiş Ştatların və Rusiyanın siyasi rəqiblər olmadığı nadir haldır.