Azərbaycanda şəhid ailələrinə və müharibə əlillərinə ən yüksək dövlət qayğısı göstərilir
Lerik, 17 iyul, Bağır Əliyev, AZƏRTAC
“Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu həyata keçirdiyi “Regionlarda şəhid ailələrinin, müharibə əlillərinin tibbi-reabilitasiyası və sosial problemlərinin həllinə dəstək” layihəsi çərçivəsində Lerik şəhərindəki Heydər Əliyev Mərkəzində “Şəhid ailələrinə və müharibə əlillərinə dövlət qayğısı” mövzusunda maarifləndirmə tədbiri keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Leriklə yanaşı, Astara və Lənkəran rayonlarından olan müharibə veteranları və şəhid ailələri də iştirak ediblər.
Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov bildirib ki, 80 min əhalisi olan rayonda 300 nəfər Qarabağ müharibəsi veteranı, 143 şəhid ailəsi var. Vətən uğrunda döyüşən leriklilərdən 5-i Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Layihənin rəhbəri, “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti, “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək Mərkəzi”nin direktoru Sərraf Oruc bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların, hərbi əməliyyatlarda itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələrinə, müharibə əlillərinə və veteranlarına yüksək diqqət və qayğı göstərilir. Bu qəbildən olan vətəndaşların tibbi-sosial problemlərinin həllinə dövlətin diqqət və qayğısını artırmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən müxtəlif fərman və sərəncamlar imzalanıb.
Diqqətə çatdırılıb ki, layihənin məqsədi 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinin Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanı ilə müəyyənləşdirilmiş qaydada 11 min manat məbləğində birdəfəlik sığorta vəsaitini almaları üçün ayrı-ayrı regionlarda maarifləndirmə işləri aparmaq və hüquqi kömək göstərməkdir. Layihə çərçivəsində, həmçinin regionlarda Səhiyyə Nazirliyinin Vətəndaşların respublikadan kənar müalicəyə göndərilməsi məsələləri üzrə Komissıyasından keçərək müvafiq rəy almış əlillərin xarici ölkələrdə müalicələrinin Səhiyyə, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri tərəfindən təmin olunmasına hüquqi kömək göstəriləcək.
Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin rəisi, polkovnik Arif Həsənov, Lerik Rayon Ağsaqqallar Şurasının sədri Həmzə Vəliməmmədov, “Ehtiyatda Olan Zabitlər Konfederasiyası” İctimai Birliyinin sədr müavini, “Azərbaycan Bayrağı” ordenli, ehtiyatda olan polkovnik Hikmət Ağayev, İctimai Birliyin idarə heyətinin üzvləri, ehtiyatda olan zabitlər və digərləri çıxışlarında şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən qanunla nəzərdə tutulmuş sığorta pul vəsaitləri haqqında və bu qəbildən olan şəxslərin tibbi-reabilitasiyası, sosial problemlərinin həlli istiqamətində görülən işlərdən danışıblar.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi, polkovnik Valeh Nəcəfov qeyd edib ki, Astara rayonunda 316 nəfər Qarabağ, 124 nəfər Əfqanıstan müharibəsi veteranı, 79 şəhid ailəsi, 41 Qarabağ müharibəsi əlili var. Qarabağ müharibəsində iştirak etmiş astaralılardan bir nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimovun göstərişinə əsasən, dövlətimizin başçısının 2018-ci il 19 aprel tarixli Fərmanının icrası diqqət mərkəzində saxlanılır.
Çıxış edənlər ölkəmizdə müharibə iştirakçılarına və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, şəhid ailələrinə və müharibə əlillərinə Azərbaycan Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanı ilə bağlı maarifləndirici buklet paylanılıb.
Sonda müharibə əlillərinə və veteranlarına göstərdikləri diqqət və qayğıya, gənclərə hərbi-vətənpərvərlik ruhunun aşılanması işində xidmətlərinə görə bir qrup şəxsə fəxri fərmanlar təqdim edilib.