Azərbaycanda yeni taxıl sortlarının yaradılma müddəti iki dəfədən çox qısaldılır
Bakı, 7 iyul, AZƏRTAC
Bitkiçiliyin mövsümi xarakter daşıması baxımından sortalma müddətinin qısaldılması zərurəti günbəgün artır. Hazırda Əkinçilik Elmi-Tədqiqat İnstitutunda beynəlxalq standartlar səviyyəsində seleksiya və fundamental tədqiqatların aparılmasına imkan verən nəsilartırma (generasiya) otaqları fəaliyyət göstərir. Bu otaqlarda kənd təsərrüfatı bitkilərinin genetik ehtiyatlarında abiotik və biotik stres amillərinin təsirindən baş verən fizioloji, biokimyəvi və digər dəyişikliklər araşdırılır, eləcə də sürətli seleksiya metodlarının tətbiqi ilə klassik sortalma müddəti qısaldılır.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, qlobal iqlim dəyişikliyi fonunda sözügedən nəsilartırma otaqlarında aparılan tədqiqatlar sayəsində günümüzün tələblərinə cavab verən yeni sortlar 12-15 il deyil, 5-6 il ərzində ərsəyə gələcək. Bu isə respublikada taxılçılıq sahəsində yeni sortlara olan tələbatın daha tez ödənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Qeyd olunub ki, qlobal iqlim dəyişikliyi səbəbindən kənd təsərrüfatı bitkilərinin müasir, yüksək məhsuldar, rəqabətqabiliyyətli və dəyişkən mühit şəraitinə adaptiv sortlarının yaradılması aktual məsələdir. Ölkəmizdə qlobal istiləşmə fonunda ərzaq təhlükəsizliyinin təmin edilməsi, iqlim dəyişmələrinin təsirlərinə uyğunlaşma, eləcə də yüksək temperatur və quraqlıq kimi stres amillərindən qaynaqlanan risklərin azaldılması məqsədilə Əkinçilik Elmi-Tədqiqat İnstitutunda mandatına daxil olan kənd təsərrüfatı bitkiləri üzrə kompleks tədqiqatlar aparılır.
İnstitut 1996-cı ildən başlayaraq Buğdanın Yaxşılaşdırılmasının Beynəlxalq Şəbəkəsi (IWIN), Buğda və qarğıdalının yaxşılaşdırılması (CIMMYT), Quraq ərazilərdə kənd təsərrüfatı tədqiqatları (ICARDA) kimi beynəlxalq seleksiya mərkəzləri ilə dənli və dənli paxlalı bitkilərə aid nümunələrin introduksiyası, ekoloji sınağı istiqamətində əməkdaşlıq edir. İnstitutda yaradılan taxıl sortlarının əhəmiyyətli payı bu əməkdaşlıq çərçivəsində introduksiya olunan hibrid kombinasiyalarından seçilir və ya hibridləşməyə cəlb edilməklə yüksək məhsuldar, keyfiyyətli, biotik və abiotik stres amillərə davamlı, aqroekoloji şəraitə adaptasiya olunmaq xüsusiyyətinə malik yeni bitki sortları yaradılır. Həmçinin seleksiya işləri regionların torpaq-iqlim şəraitinə uyğun aparılır. Quraqlığa davamlılığın tədqiqinə görə perspektiv formalar Qobustan Bölgə Təcrübə Stansiyası, Cəlilabad Bölgə Təcrübə Stansiyası və Şəki Dayaq Məntəqəsinə göndərilir.
Son illərdə quraqlığa davamlılığına görə yumşaq buğdanın “Ləyaqətli 80”, “Yubiley 90”, “Lider”, bərk buğdanın “Xudafərin”, “Rəvan”, “Göytəpə”, arpanın “Sadiq” və “Dəyanətli” sortları rayonlaşdırılaraq patentləşdirilib. Seleksiya prosesində hər il institutun mandatına daxil olan bitkilərə aid 13 mindən artıq sort-nümunə, xətt, nömrə və sort üzərində tədqiqat işləri aparılır.
Xatırladaq ki, kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramında əsas istiqamətlərdən biri də bitkiçilik sahəsində seleksiya nailiyyətlərinin uçotu və onlara nəzarət sisteminin gücləndirilməsidir. Bu çərçivədə strateji əhəmiyyət kəsb edən seleksiya proqramlarının icrasının sürətləndirilməsi və səmərəliliyinin artırılması hədəflənir. Eyni zamanda, bitki növlərinin genetik ehtiyatlarının qorunması məqsədilə təkmil genetik materiallar banklarının (kolleksiyaların) yaradılması nəzərdə tutulur. Atılan bu addımlar ölkənin bioloji müxtəlifliyinin zənginləşdirilməsinə və ərzaq təhlükəsizliyinin dayanıqlı şəkildə təmin edilməsinə xidmət edəcək.