AZƏRBAYCANDAN BELARUS MİLLİ KİTABXANASINA KİTAB KOLLEKSİYASI GÖNDƏRİLMİŞDİR
Bakı, 29 aprel (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyev 2006-cı ilin oktyabrında Belarusa rəsmi səfəri zamanı bu ölkənin milli kitabxanası ilə də tanış olmuşdur. Həmin vaxt respublikamızın Mədəniyyət və Turizm Nazirliyinin apardığı danışıqlardan sonra bu kitabxanada “Azərbaycan ədəbiyyatı fondu” fəaliyyətə başlamışdır. Hazırda kitabxanada “Azərbaycan guşəsi” də yaradılır.
Nazirlik bu günlərdə Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, turizmi, habelə Dağlıq Qarabağ münaqişəsi haqqında kitab və elektron daşıyıcılardan ibarət növbəti kolleksiyanı Belarus milli kitabxanasına göndərmişdir. Kolleksiyaya “Heydər Əliyev və mədəniyyət” üçcildlik toplu, “Prezident İlham Əliyev və mədəniyyət (2003-2008)” ikicildlik toplu, “Гейдар Алиев. Личность и эпоха” (Эльмира Ахундова), “Bizi əsirlikdən qurtarın/Release us from captivity”, “Qarabağ - irsimizin əbədi yaddaşı. Garabakh - the eternal memory of Azerbaijan heritage”, “Карабах: вчера, сегодня в фотоснимках. Karabakh: yesterday and today in photos”, “Эрих Файгл. Армянская мифомания”, “Преступления армянских террористических и бандитских формирований против человечества (XIX-XXI вв.)”, “Монументы Азербайджана” və sair kitablar daxil edilmişdir. Onların arasında “This is our Azerbaijan”, “Azerbaijan motifs”, “Terruer armenienne”, “Armenian terrorism”, “Gara Garayev” və sair elektron informasiya daşıyıcıları da vardır.