AZƏRBAYCANIN AVROPA ŞURASININ ÇƏRÇİVƏ KONVENSİYASINI YERİNƏ YETİRMƏSİ HAQQINDA QƏTNAMƏ QƏBUL EDİLMİŞDİR
Qətnamədə deyilir: “Azərbaycan azlıqların geniş dairəsinə dair Çərçivə Konvensiyasının tətbiqi sahələrinin genişləndirilməsində, xüsusilə, diqqətəlayiq səylər göstərmişdir. Azərbaycanda milli azlıqların mədəniyyətlərini qorumağın və təmin etməyin vacibliyi təqdir olunur və ölkənin mədəni rəngarəngliyinin uzun tarixi yüksək qiymətləndirilir;
Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri Çərçivə Konvensiyasının həyata keçirilməsi sahəsində səylərə xeyli mane olmuşdur. Azərbaycanda ümumi dözümlülük ruhu olmasına baxmayaraq, Azərbaycan ərazisinin xeyli hissəsinin işğalının davam etməsi və böyük sayda insanların didərgin salınması gərginlik doğurmuşdur ki, bunun da nəticəsində pozucu dözümsüzlük təzahürləri meydana gəlmişdir. Ümid var ki, mövcud münaqişənin uzunmüddətli və sülh yolu ilə həlli tapılacaq və bu istiqamətdə səylər göstəriləcəkdir. Ölkənin ərazi bütövlüyünə və digər beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq, qəti həll bütün əlaqədar şəxslərin hüquqlarını qorumalıdır”.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin qətnamənin qəbul edilməsini dəstəkləyir və “Milli azlıqların qorunması haqqında” Çərçivə Konvensiyasının Azərbaycan Respublikası tərəfindən yerinə yetirilməsinin müzakirəsində Avropa Şurası Nazirlər Komitəsinin fəal rolunu alqışlayır.
Xarici İşlər Nazirliyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində prinsipial mövqe tutduqlarına görə də Avropa Şurasının üzvü olan dövlətlərə təşəkkürünü bildirir.