AZƏRBAYCANIN BAŞ NAZİRİ ARTUR RASİZADƏ TÜRKİYƏNİN ƏTRAF MÜHİT VƏ MEŞƏ NAZİRİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iyulun 9-da Baş nazir Artur Rasizadə Türkiyənin ölkəmizdə səfərdə olan ətraf mühit və meşə naziri Osman Pepeni qəbul etmişdir.
Qonağı səmimi salamlayan Baş nazir Artur Rasizadə Azərbaycan hökumətinin strateji tərəfdaşı olan dost və qardaş Türkiyə Respublikası ilə hərtərəfli əlaqələrin möhkəmləndirilməsinə və genişləndirilməsinə xüsusi önəm verdiyini diqqətə çatdırmışdır.
Sonra görüşdə qloballaşan dünyada ölkələrimiz üçün vacib əhəmiyyət kəsb edən ekologi problemlər, ətraf mühitin mühafizəsi və hidrometeorologiya sahəsində əməkdaşlığın perspektivləri məsələləri müzakirə olunmuşdur. Qeyd edilmişdir ki, Türkiyədə bu sahədə böyük təcrübə toplanmışdır və xüsusi mühafizə olunan təbiət ərazilərinin, meşə zolaqlarının, tullantıların idarə olunması, iqlim dəyişmələrinin təsirinin qiymətləndirilməsi, bioloji sərvətlərin və su ehtiyatların mühafizəsi kimi ekoloji problemlər qardaş ölkədə artıq öz həllini tapmışdır. Odur ki, Azərbaycanda yeni yaradılan oxşar qurumun türkiyəli həmkarları ilə bu istiqamətdə əlaqələrini genişləndirməsi və mütəmadi təcrübə mübadilələri aparması böyük səmərə verərdi. Ətraf mühitin qorunmasında ekoloji maarifləndirmə işinin vacibliyini diqqətə çəkən tərəflər, əminliklə bildirmişlər ki, səfər müddətində Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Türkiyənin Ətraf Mühit və Meşə Nazirliyi arasında əməkdaşlığa dair Sazişin imzalanması əlaqələrin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edəcəkdir.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyqulu Bağırov, Türkiyənin ölkəmizdəki səfiri Əhməd Ünal Çeviköz qəbulda iştirak etmişlər.