AZƏRBAYCANIN BAŞ PROKURORU İRANIN ƏDLİYYƏ NAZİRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Respublika Baş Prokurorluğunun mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, qonaqları səmimiyyətlə salamlayan baş prokuror Zakir Qaralov Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin hərtərəfli inkişafı istiqamətində görülən tədbirlərdən ətraflı bəhs etmiş, bu münasibətlərin daha da möhkəmləndirilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin xüsusi xidmətlərini diqqətə çatdırmışdır. Son illər ölkələrimizin hüquq mühafizə və ədliyyə orqanları arasında yaranmış işgüzar əlaqələrin daha da genişlənməsi vurğulanmaqla, Azərbaycan Respublikası və İran İslam Respublikasının Ədliyyə nazirlikləri arasında imzalanmış əməkdaşlıq haqqında Memorandumun mühüm əhəmiyyəti qeyd edilmişdir.
Görüşdə cinayətkarlığa, ilk növbədə, terrorizmə və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində Azərbaycan Respublikası və İran İslam Respublikasının hüquq mühafizə orqanlarının səylərinin məqsədyönlü şəkildə əlaqələndirilməsinin perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.
Baş prokuror qonaqlara xalqımızın ümummilli lideri Heydər Əliyevin bilavasitə rəhbərliyi altında və təşəbbüsü ilə Azərbaycan Respublikasının prokurorluq orqanlarında həyata keçirilən demokratik islahatlar barədə ətraflı məlumat vermiş, ölkələrimizin prokurorluq orqanları arasında ikitərəfli əlaqələrin daha da genişləndirilməsi istiqamətində görüləcək tədbirlərlə bağlı müzakirələr aparmışdır.
Azərbaycanda onlara göstərilən xüsusi diqqət və səmimi münasibətlərə görə dərin minnətdarlığını bildirən İran İslam Respublikasının ədliyyə naziri Məhəmmədismayıl Şüştəri ölkələrimizin ədliyyə və hüquq mühafizə orqanları arasında qarşılıqlı münasibətlərdən bəhs edərək, Azərbaycan Respublikasında həyata keçirilən məhkəmə-hüquq islahatlarının, o cümlədən prokurorluğun demokratikləşdirilməsi istiqamətində görülən işlərin nəticəsindən məmnun qaldığını bildirmiş, ikitərəfli əməkdaşlığın perspektivləri barədə fikirlərini açıqlamışdır.
Görüşdə Azərbaycanın İran İslam Respubilkasındakı səfiri Abbasəli Həsənov və İranın ölkəmizdəki səfiri Əhəd Qəzai iştirak etmişlər.