HEYDƏR ƏLİYEV - 100
Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyində Ulu Öndər Heydər Əliyevin büstü qoyulub
Sarayevo, 10 may, AZƏRTAC
Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstünün açılışı olub.
AZƏRTAC xəbər verir ki, Ulu Öndərin anadan olmasının 100 illiyi ilə əlaqədar keçirilən mərasimdə Bosniya və Herseqovina parlamentinin üzvləri, Rəyasət Heyətinin məsul şəxsləri, Xarici İşlər Nazirliyinin rəsmiləri, digər dövlət və hökumət qurumlarının əməkdaşları, ölkədə akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbərləri, ictimaiyyətin tanınmış nümayəndələri, yerli, o cümlədən xarici KİV-lərin jurnalistləri, ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev Ulu Öndərin ölkəmizin tarixindəki müstəsna rolundan danışıb, səfirlikdə Heydər Əliyev büstünün açılışından qürur duyduğunu bildirib. Səfir tədbir iştirakçılarına Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat verib, Ümummilli Liderin müstəqil Azərbaycanın yenidən qurulmasındakı rolundan söhbət açıb.
V.Quliyev Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində olarkən bir neçə dəfə Bosniya və Herseqovinadan olan nümayəndə heyətini qəbul etdiyini xatırladıb. O, ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda sabitliyin, iqtisadi inkişafın, enerji strategiyasının əsasının qoyulduğunu və ölkəmizin beynəlxalq aləmdəki mövqelərinin möhkəmləndiyini vurğulayıb.
Səfir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkəmizin davamlı inkişafı naminə əsasını qoyduğu bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Çıxışdan sonra Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın və Bosniya və Herseqovinanın Dövlət himnləri səsləndikdən sonra səfir Vilayət Quliyev və Türkiyənin Bosniya və Herseqovinadakı səfiri Sadik Babür Girgin tərəfindən büstün üzərindən ağ örtük götürülüb.
Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyinin, ölkədə akkreditə olunan diplomatik nümayəndəliklərin və Bosniya və Herseqovina rəsmiləri adından abidənin qarşısına əklillər və gül dəstələri qoyulub.
Tədbir çərçivəsində qonaqlara rəsmi ziyafət verilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo