Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü Qardabanidə qeyd olunub
Tbilisi, 19 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası Günü Gürcüstanın Qardabani rayonundakı "Qardabani Təhsil və İnteqrasiya Mərkəzi"ndə qeyd edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə mərkəzin tələbə və şagirdləri, gənclər və müəllimlər iştirak ediblər.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra mərkəzin direktoru çıxış edərək, 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpasının tarixi əhəmiyyətindən danışıb.
Çıxış zamanı qeyd olunub ki, bu gün Azərbaycan xalqının tarixində ən mühüm və qürurverici səhifələrdən biridir.
Gənclərlə birlikdə həmin dövrün siyasi hadisələri barədə fikir mübadiləsi aparılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi