Azərbaycanın döyüş meydanında qazandığı Qələbə diplomatiya müstəvisində davamlı xarakter alıb
Bakı, 6 iyul, AZƏRTAC
Azərbaycanın döyüş meydanında qazandığı Qələbə diplomatiya müstəvisində davamlı xarakter alıb. Növbəti uğurumuzun göstəricisi iyulun 3-də Füzuli və Zəngilan rayonlarında ermənilərin uzun illər ərzində minaladıqları ərazilərin xəritələrinin verilməsidir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.
İşğaldan azad edilmiş ərazilərimizdə basdırılmış minalarının sayına görə Azərbaycanın dünyada bəlkə də birinci yerdə olduğunu qeyd edən deputat deyib: “Belə nəticəyə gəlmək olar ki, ermənilər 30 ilə yaxın dövrdə bütün pullarını minalara xərcləyiblər. Onlar torpaqlarımızı başdan-başa minaladıqlarına görə arxayınlaşmışdılar ki, Azərbaycan ərazilərini işğaldan azad edə bilməyəcək. Ona görə də “məğlubedilməz erməni ordusu” mifini yaratmışdılar və yeni ərazilərin işğal olunacağı kimi sərsəm bəyanatlar sələndirirdilər. Məhz minaların yaratdığı arxayınlıqdan Paşinyan Cıdır düzündə təlxək kimi rəqs edirdi. Onlar düşünürdülər ki, Azərbaycan Ordusu minalanmış ərazilərdən irəliləyə bilməz. Zaman isə göstərdi ki, Prezident İlham Əliyev nəyi necə, nə vaxt etmək lazımdırsa, yaxşı bilir. Bizə heç də onların minaladıqları ərazilərdən irəliləmək lazım olmadı. XXI əsrin müharibəsinə hazır olmağımız, işğaldan azadetmə əməliyyatlarımızı düşmənin gözləmədiyi mövqelərdən başlamağımız, müasir silahlarla havadan və qurudan sürətlə hücuma keçməyimiz nəinki ermənilər, hətta onların havadarları üçün də gözlənilməz oldu. Artıq münaqişə termini gündəmdən çıxıb. Ermənilərin basdırdıqları minalar onların məqsədlərinə xidmət etmədi və öz əhəmiyyətini itirdi. Ermənilər minalanmış ərazilərin xəritələrini verməklə regionda davamlı sülhün əldə olunmasını sürətləndirə bilərlər. İndiki halda regionda davamlı sülhün əldə edilməsi və əməkdaşlıq mühitinin yaradılması Ermənistan üçün daha vacibdir. Düşünürəm ki, minalanmış bütün ərazilərin xəritələri tezliklə bizə veriləcək”.
İyunun 12-də Ağdam rayonunda basdırılmış 97 min, bu dəfə isə Zəngilan və Füzuli rayonları ərazisində basdırılmış 92 min minanın xəritələrinin Azərbaycan tərəfinə verilməsi ilə 100 minlərlə vətəndaşımızın həyatının təhlükədən xilas olduğunu bildirən deputat qeyd edib: “Biz çalışacagıq ki, qarşı tərəf minalanmış bütün ərazilərin xəritələrini bizə təqdim etsin. İşğaldan azad etdiyimiz ərazilərin sahəsi 10 min kvadratkilometrdən çoxdur. Əlimizdə xəritə olmasa, biz işğaldan azad olunmuş ərazilərin hər qarışını axtarmalıyıq və ərazilərimizdə təhlükəsizlik təmin edilməlidir. Bu isə həm böyük maliyyə, həm də vaxt itkisidir. Eyni zamanda, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı prosesini ləngidəcək. Minalanmış ərazilərin məlum olması həm də yenidənqurma və bərpa işlərinin sürətlənməsinə imkan yaradır. Bundan başqa, xəritələrin təqdim edilməsi regionda davamlı sülhün əldə olunmasına da töhfədir. Ermənistan məğlub tərəfdir. Düzdür, üçtərəfli Bəyanatım icrası Ermənistandakı revanşist qüvvələrin müdaxiləsi səbəbindən ləngiyir. Amma bunun alternativi yoxdur. 2020-ci il noyabrın 10-da və 2021-ci il yanvarın 11-də imzalanmış üçtərəfli bəyanatlar tamamilə icra edilməli, gündəliyə yeni sənədlər daxil olunmalıdır. Bu sənədlər dövlət sərhədlərinin demarkasiyası və delimitasiyası, ölkələrin bir-birinin ərazi bütövlüyünü dəstəkləməsi, dayanıqlı sülh müqaviləsinin bağlanması ilə bağlı olmalıdır”.
Bəşər tarixində müharibə və münaqişələrin heç vaxt əbədi davam etmədiyini bildirən deputat deyib ki, düşmən ölkələr gec-tez masa arxasında məsələləri razılaşdırıb, sülh müqavilələri imzalayıb və yenidən qonşuluq münasibətlərinə qayıdıblar. Bəşər tarixinin ən dəhşətli müharibələrindən olan İkinci Dünya müharibəsi də faşist Almaniyasının məğlub olması nəticəsində masa arxasında imzalanmış sənədlə öz həllini tapdı. Azərbaycan ilə Ermənistan arasında 30 ilə yaxın davam edən münaqişənin həlli də artıq masa üzərinə qayıdıb. Qalan məsələlər sülh yolu ilə həllini tapmalıdır. Bu məsələlərin həllinin sürətlənməsində Türkiyənin və Rusiyanın rolu xüsusilə dəyərləndirilməlidir. Zaman bizim xeyrimizə işləyir və bundan sonra da belə olacaq. Çünki biz qalib tərəfik və şərtləri də biz qoyuruq.